Elçin ikinci dəfə boşandığı xanımından və qızından danışdı AÇIQLAMA-FOTOLAR+VİDEO
Heç vaxt şəxsi həyatı ilə gündəmə gəlmək istəməyən aktyor Elçin Məmmədli bir müddət öncə haqqında yazılan səhv məlumata reaksiya verib. Bu haqda SİA-ya danışan aktyor keçmiş xanımı aparıcı Könül Muxtarovadan da söz açıb: "Mənə şəxsi həyatımla bağlı sual verəndə çox əsəbiləşirəm. Amma buna rəğmən saytların biri xeyli vaxt bundan öncə haqqımda düzgün olmayan xəbəri yayımlamışdı. Belə ki, qızım İncini zooparka aparmışdım.
Maşınımdan enib, məkana daxil olmaq istəyərkən şəkillərimizin çəkildiyinin fərqinə vardım. Həmin gün də internet saytının birində haqqımda düzgün yazılmayan məlumatın dərc olunduğunu gördüm. Məlumatda yazılıb ki, guya rejissoram, üstəlik də boşandığım həyat yoldaşımla barışmışam. Bilməyənlər bilsin ki, aparıcı Könül Muxtarova ilə ailəli olmuşuq. Ancaq hazırda boşanmışıq. Könül xanımdan İnci adında 1 qız övladım var. Boşanmışamsa, bu o demək deyil ki, övladımdan da imtina etməliyəm.
Kimliyimi tanımayan jurnalist necə haqqımda həqiqəti əks etdirən xəbər yaza bilər? Anlamırlar ki, mən yenidən ailə qurmuşam və mənim gözəl xanımım var. Eyni zamanda yeni dünyaya gələn övladım var. Belə xəbərlər ona pis təsir edir. Həmin şəkilləri çəkdirib, məlumatı yazan media nümayəndəsinə demək istəyirəm ki, bu hərəkətinlə heç kimin yanında hörmətli ola bilmərsən.
Onu da deyim ki, mən əslində bilirəm ki, bu xəbərin yazılması kimin sifarişi ilə reallaşıb. Çünki həmin şəkillərimiz peşəkar fotoqraflar tərəfindən çəkilmişdi. Mən bəyəm dünya ulduzuyam ki, əlçatmaz olum? Fotoqraflar məni izləyib, şəkillərimi çəksinlər. Həmin şəxsin kimliyi də göz qabağındadır. Xəbərdə qeyd olunmuşdu ki, guya mən Könüllə barışmışam. Həmin jurnalistə sual vermək istərdim ki, barışdığım insanla niyə gizli görüşürəm? Ən vacibi də “barışdığım” adam mənim xarakterimə uyğun geyimdə deyildi. Məni tanıyan adam bilir ki, xasiyyətim necədir. Hazırda Könüllə boşanmışıq və necə istəyir elə də geyinsin. Şəxsi işidir. Mənim ona qarışmağa haqqım yoxdur. Övladımın anasıdır. Heç bir hörmətsizlik etmirəm. Hazırda keçmiş həyat yoldaşımla münasibətimiz yoxdur. Yalnız övladım İnci ilə danışıram. Vaxtı-vaxtında da alimentini ödəyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə