Elçin “Altın kelebek”in təşkilatçılarını tənqid etdi FOTO

Müğənni Elçin Cəfərova “Altın kelebek”in təşkilatçılarını sərt tənqid edib. SİA-nın məlumatına görə, sənətçi bu sözləri deyib: " "Altın Kelebek” mükafatlarının təşkilatçıları, sözüm sizədir. Haqsızlığa heç zaman susmamışam, susmayacam da! Bu yarışda bizimlə ən başdan bəri laqeyd davranıldı. Öncə vaxtını dəyişdiniz, sonra isə yalnız xanımların gediş-gəlişini qarşılayacağınızı söylədiniz. Bu qədər tanınan bir yarışmanın 10 sənətçini Türkiyəyə aparmağa gücü yoxdur? Yoxsa bilmədiyimiz nə baş verir?”.

E.Cəfərov bildirib ki, təşkilatçıların qalibin əvvəlcədən bəlli olduğunu söyləyib: “Ən son danışığımızda isə bu sözü eşitdik: Qalib onsuz da xanımlardan olacaq, bəylərin Türkiyədə iştirakına ehtiyac yoxdur. Əgər qalib əvvəlcədən bilinirdisə, bizi niyə bu işə cəlb edirdiniz?! Hər zaman izləyicilərimə diqqət və hörmətlə yanaşmışam. Onlar vaxtlarını ayırıb, ümidlə mənə səs göndəriblər. Bu, onlara haqsızlıqdır. Bir şeyi bilməlisiniz ki, kim seçilsə, uğuruna sevinəcəm. Çünki bu ölkəmizin baş ucalığıdır. Onu da qeyd edim ki, yanlış anlaşılmasın, burada söhbət maddiyatdan getmir. Onun davasını aparası olsaydım, çox rahatlıqla təzminat davası açardım və haqlı olaraq qazanardım. Amma bu oyunların insanı deyiləm. Bu cür haqsızlıqlar etməyin! Sponsorunuz olan brendin reklamında da nə qədər xeyrimiz olubsa, halal xoşu olsun!”.

Qeyd edək ki, mükafatlandırma gecəsinə namizədlər sırasında Xalq artisti Röya Ayxan, müğənnilər Nura Suri, Sevda Yahyayeva, Gülay Zeynallı, Azad Şabanov, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva da var.

Bütün xəbərlər Facebook səhifəmizdə