Türkiyənin “Eurovision- 2011” təmsilçisi bu gün Bakıya gəlib

Türkiyənin “Eurovision- 2011” təmsilçisi bu gün Bakıya gəlib
Türkiyəni "Eurovision- 2011" mahnı müsabiqəsində ölkəni təmsil edəcək "Yüksək Sadakat" qrupu tanıtım turu çərçivəsində Azərbaycana gəlib. Bu barədə SİA-ya İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsindən məlumat verilib.

Məlumata görə, "Yüksək Sadakat" qrupu tanıtım turu çərçivəsində bu gün Azərbaycana gəlib. Qrup Bakıda olduğu müddətdə İctimai Televiziyada olacaq, televiziya proqramlarında çıxış edəcək. "Yüksek Sadakat" qrupu ilk olaraq bu gün axşam İctimai TV-nin "Eurovsion xəbərləri" , sabah isə "TVR klub" proqramlarında canlı efirdə qonaq olacaq. Türkiyənin "Eurovision-2011" təmsilçiləri həmçinin digər yerli telekanallar və informasiya agentliklərinə müsahibələr verəcək.
Tanıtım turuna Bosniya və Hersoqovinadan başlayan "Yüksək Sadakat" qrupu aprel ayı ərzində isə Almaniya və Maltada olacaq.

Qeyd edək ki, Türkiyə Almaniyanın Düsseldorf şəhərində keçiriləcək "Eurovision-2011" Mahnı Müsabiqəsinin mayın 10-da keçiriləcək birinci yarımfinal mərhələsində "Live it up" mahnısı ilə çıxış edəcək.

"Yüksek Sadakat" qrupunu 1997-ci ildə bəstəkar və bas gitaraçı Kutlu Özmakinaçı yaradıb. Qrupun vokalçısı Kənan Vural, gitaraçısı Serkan Özgen, bas gitaraçısı Kutlu Özmakinaçı, klaviş ifaçısı Uğur Onatkut, baraban ifaçısı isə Alpay Şaltdır. Qrup 2008-ci ilin sonlarında TRT-dən daxil olan təklif əsasında "TRT Radio1"-də bir il müddətində "Ehtimallar dənizi" proqramını təqdim edib. 2009-cu ildə Avropa turnesinə çıxan "Yüksek Sadakat" qrupu Almaniya, Niderland, Belçika və İsveçrədə 7 konsert verib. Bu günədək 3 albomu işıq üzü görən qrupu TRT 2011-ci ildə Düsseldorfda keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsində Türkiyə təmsilçisi kimi seçib.

Bütün xəbərlər Facebook səhifəmizdə