"Eurovision" üçün mahnı seçiminə başlanıldı

"Eurovision" mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb. SİA-nın məlumatına görə, yarışmanın mahnı seçimində iştirak etmək istəyənlər fevralın 7-nə qədər bəstələrini eurovision2020@itv.az elektron ünvanına və ya (050) 235 85 65 "Whatsapp" nömrəsinə göndərə bilərlər.

Azərbaycan üzrə rəsmi yayım hüququna sahib olan İctimai Televiziya və Radio Yayımları Şirkəti bu ilin mayında Hollandiyanın Rotterdam şəhərində keçiriləcək "Eurovision 2020" mahnı müsabiqəsində ölkəmizin təmsil olunacağı mahnı seçiminə dair şərtlərini də açıqlayıb.

Şərtlərdə qeyd edilir ki, göndəriləcək mahnı demo versiyada, hazır şəkildə səsləndirilmiş olaraq təqdim edilməlidir. Mahnının xronometrajı Avropa Yayımları Birliyinin (EBU) şərtlərinə əsasən maksimum 3 dəqiqə olmalıdır. Mahnı 2019-cu ilin sentyabrın 1-dən öncə ictimaiyyətdə, eləcə də rəsmi olaraq hər hansısa mediada (televiziya, radio və ya internet resursları) yayımlanmamalıdır. Seçim turunda iştirak edəcək hər kəs özü haqqında qısa məlumat da yollamalıdır.

Qeyd edək ki, müsabiqə üçün təqdim olunan mahnıların hansı müğənninin ifasında səsləndirilməsi seçimi yalnız “Eurovision”nun rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...