Nura yeni albomunun və saytının təqdimatını keçirdi

Nura yeni albomunun və saytının təqdimatını keçirdi

Bu gün Azərbaycanın tanınmış estrada müğənnisi Nura Suri mətbuat nümayəndələrini başına toplayaraq yenilikləri barədə məlumat verib. SİA-nın məlumatına görə, müğənni yeni albomunu və saytını təqdim edib.

Mətbuat konfransının açılışı qalmaqalla başladı. Belə ki, müğənni çıxış sözünə başlayan kimi jurnalistlərin etirazı ilə qarşılaşdı. Məsələ burasındadır ki, Nura bu gün təqdim etdiyi "Nəğmələrimdə yaşayacağam" adlı albomunu artıq bir gün əvvəl paytaxtın əyləncə mərkəzlərinin birində, müğənninin həmkarlarının iştirakı ilə digər Kütləvi İnformasiya Vasitələrinə təqdim edib. Həmin tədbirdə yazılı mətbuat iştirak etməsə də, televiziya nümayəndələrinə bütün yenilikləri barədə ətraflı məlumat verib.

Jurnalistlərin buna etirazının səbəbini anlamadığını deyən Nura öz arqumentlərini açıqladı: "Mən özümə söz vermişəm, artıq həmkarlarımla birgə keçirəcəyim tədbirlərə jurnalistləri çağırmayacağam. Çünki onlar gəlib mənim həmkarlarımdan müsahibə alırlar, mənim tədbirlərimdən isə sadəcə onlara verilən press-relizlərlə kifayətlənirlər. Bir məqam da var ki, jurnalistlər, xüsusi ilə də televiziya əməkdaşları həmkarlarımın mənim barəmdə danışdıqları yaxşı sözləri efirə vermirlər, yazmırlar. Bu, mənə qarşı hörmətsizlikdir. Niyə mənə qarşı bu münasibət bəslənir, bilmirəm" - deyə müğənni gileyləndi.

Nuranın təqdimat mərasimində yeni albomuna daxil olan mahnıların bəstəkarları - Gövhər Həsənzadə və Aynur Adilqızı da iştirak ediblər. Jurnalistlərin ittihamlarının qarşısında Nuranın müdafiəsinə qalxan bəstəkarlar zarafatyana mövzudan uzaqlaşmaqla mübahisələrin səngiməsinə çalışdılar.

Tədbirdə Nura öz intellektual biliyindən və səs imkanlarında da söhbət açdı. Lakin, səs tembrinin 2.5 oktava olduğunu deyən Nuranın bu fikirləri ilə də jurnalist razılaşmadı.

Qeyd edək ki, mətbuat konfransı tək albom təqdimatı ilə ötüşmədi. Müğənni həmçinin yeni saytını da təqdim etdi. www.nurasuri.az saytı barədə məlumat verən müğənni, saytının Azərbaycanda analoqunun olmadığını dedi: "Mən bu sayta çox ciddi yanaşıram. Digərləri kimi saytım olsun deyə açmadım. Burada bütün xəbərlərim yenilənəcək. Ən maraqlısı isə odur ki, saytda məşhur simaların vaxtı ilə oynadığı mafiya oyunun videosu da yer alıb. Mən burada özümü jurnalist kimi də sınamışam. Tanınmış sənətçilərdən, siyasət adamlarından, millət vəkillərindən müsahibələr almışam".

Nura yenidən aparıcı kimi fəaliyyət göstərəcəyini də dedi: "ANS telekanalında qadınlara həsr olunun verilişin aparıcı olacağam".

Müğənni konsert verməyəcəyini də açıqladı: "Azərbaycanda konsertdən pul qazanan müğənni demək olar ki, yoxdur. Mənim 3 övladım var. Mən anayam. Bütün yük mənim üzərimdədir. Konsert keçirmək üçün kifayyət qədər məbləğ lazımdır. Mən bu yay sadəcə klublarda çıxış edəcəyəm".

Qeyd edək ki, müğənni bu yaxınlarda reper Elşad Xose və müğənni Samir Cavadzadə ilə duet oxumağı planlaşdırır. Bununla yanaşı Nura bəstəkar-aparıcı Murad Arifdən də mahnı alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə