Xalq artisti: “Allah bunları mənə veribsə, niyə axı qısqanclıqla yanaşamaq lazımdır”

Xalq artisti: “Allah bunları mənə veribsə, niyə axı qısqanclıqla yanaşamaq lazımdır”
Xalq artisti, aktrisa Məleykə Əsədova paxıllıq və qısqanclıq hisslərindən söz açdı. SİA-ya açıqlama verən aktrisanın sözlərinə görə, onun sənətini qısqananlar az deyil: "Çalışıram ki, bu cür amillərə fikir verməyim. Amma bu, təbii bir hissdir. Burada təəccüblənəsi bir şey də yoxdur. Əgər bu gün mən varamsa, səhnəyə lazımamsa, səhnədəki çıxışım zamanı hər kəs məni alqışlayırsa, düşünmürəm ki, bu, təbii bir hissdir. Belə şeylərə fikir vermək lazım deyil. Hər bir aktyor-aktrisa gözəl rolu oynamaq istəyir. Kimin duyumu necədirsə, hər bir şeyi elə də qəbul edir. Göz, ürək və düşüncə gözəldirsə, gözəl bir şeyi də alqışlayacaq. Əgər düşüncə, qəlb, zehn normal işləmirsə, gözəl bir şeyi alqışlaya bilməyəcək. İstedadlı aktyor gündə doğulmur. İstedadlı aktyor səhnəyə 2-3 və 5 ildən bir gəlir. Gərək, siz, biz hər bir sənətçinin qədrini bilək! Biz-sənətçilər səhnəyə çıxanda tamaşaçıların alqışlarını gözləyirik. Tamaşaçı çıxış etdiyim tamaşama baxırsa və ürəklə alqışlayırsa, onda bilirəm ki, tamaşadakı çıxışım qəbul olunub. Oynadığım obrazlara kim mənfi fikir söyləyə bilər? Kimlər nə deyirsə, mənim üçün maraqlı deyil. Saysız-hesabsız klassik obrazlarda çıxış etmişəm. Öz istedadıma 100 faiz deyil, 150 faiz inanıram. Haqqımda Barat Şəkiniskaya, Leyla Bədirbəyli, Həsən Turabov və ulu öndər Heydər Əliyev söz deyib. İndi kimsə gəlib mənə nə isə deyə bilər? Gərək, aktrisanın danışığı, səs tembrı, boyu-buxunu, plastik hərəkətləri və ürəyi olsun ki, ifa etdiyi rollar da hər kəs tərəfindən sevilə-sevilə qəbul olunsun."

Bütün xəbərlər Facebook səhifəmizdə