Hər zaman yaratdığı geyimləri bir obraza bağlayan, qeyri-adi və kreativ geyimlərin, obrazların müəllifi, modelyer Şəlalə Maqsudova yenə moda dünyasına səs salıb. SİA-nın məlumaına görə, bu dəfə modelyerin hədəfi şou-biznes olub. Uzun illərdir moda sənətində öz sözünü deyən, bir çox məşhurlarla çalışan, bir sıra yaddaqalan layihələrə imza atan modelyer bəzi şou-əhlini şeytana bənzədib. Şəlalə Maqsudovanın dediklərinə görə, şou-biznesdə mələk olub nə uğur qazanmaq, nə gündəmdə qalmaq, nə irəli getmək olur, nə də zəmanənin tələblərinə cavab vermək olur. Şou-biznes adamı şeytan olmağa məcbur edir: "Həyatda da bu belədir. Yaxşıların haqqı çox tapdanır, pis olasan ki, dəyərin bilinsin. Mən həyatda da, sənətdə də şeytan ola bilmədim. Amma bu aləmdə çox şeytanlarla qarşılaşdım. Hər zaman hazırladığım obrazlarla tamaşaçılara yalnız doğrunu, həqiqəti, saflığı, reallığı göstərməsin. Bu dəfə də reallıq budur. Şou-biznes bir aləmdirsə, çoxu burda şeytanlaşır. Burda gərək mələk yox, şeytan olmalısan. Adam sənətə əvvəl saf, dürüst gəlir, daha sonra simasızlaşır, ədalətsizləşir. Düşündüm ki, onların simasını bir obraza çevirim və kənardan necə göründüklərini izləsinlər. Bəlkə kənardan özlərinə baxıb, ətrafa necə bir qaranlıq saçdıqlarını görüb, yaxşıya doğru dəyişərlər".

Ş.Maqsudova deyib ki, yeni layihəsi üçün seçim etmək o qədər də asan olmayıb: "Çox fikirləşdim ki, şou əhlindən kim şeytana daha çox bənzəyir, kim şeytanlıq edir və kim bənzəmir, şeytanlıq etmir. Qərara gəldim ki, həqiqətən də əməkdar artist Zaur Əmiraslanov sənətində sakit addımlayan, qalmaqalsız, səsi, sənəti, statusu olan bir müğənnidir. Belə bir insanın üzərində bu obrazı işləmək, həm onun özünə, həm də mənə daha maraqlı olardı. Zaurla fikirlərimi paylaşdım, o da razılaşdı və belə bir fərqli fotosessiyamız ortaya çıxdı. Təbii ki, obrazların canlı olmasında qrim çox önəmlidir. Hər layihəmdə olduğu kimi stilist və qrimyor dostum Nura Babayeva bu obraza da öz qızıl əllərini çəkdi. Şou-biznes şeytanının fotolarını çəkməyə cəsarəti olan isə kreativ fotoqraf Araz Bağırovdur".

Bütün xəbərlər Facebook səhifəmizdə