“Eurovision-2011” mahnı müsabiqəsində iştirak edəcək ölkələrdən daha bir neçəsinin təmsilçisi müəyyənləşib- FOTOSLAYD

“Eurovision-2011” mahnı müsabiqəsində iştirak edəcək ölkələrdən daha bir neçəsinin təmsilçisi müəyyənləşib- FOTOSLAYD
"Eurovision-2011" mahnı müsabiqəsində iştirak edəcək ölkələrdən daha bir neçəsinin təmsilçisi müəyyənləşib. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Slovakiyanı bu il əkiz bacılar Daniella Yançikova və Veronika Nizlova təmsil edəcəklər. Bacılar "TWiiNS" adı altında çıxış edəcək və "I’m Still Alive" mahnısını oxuyacaqlar. Bu, əkiz bacıların "Eurovision" tarixində ilk təcrübələri deyil. Belə ki, Daniella və Veronika 2008-ci ildə Çexiya təmsilçisi Tereza Kerndlovanın bek-vokalı kimi bu səhnəyə çıxıblar.

İspaniya da təmsilçisinin adını açıqlayıb. Düsseldorf səhnəsində İspaniyanı Lusia Perez "Que Me Quiten Lo Bailao" mahnısı ilə təmsil edəcək. O, mayın 14-də birbaşa finalda birincilik uğrunda mübarizə aparacaq. Qeyd edək ki, İspaniya 1968 və 1969-cu illərdə müsabiqənin qalibi olub.

Bir neçə illik fasilədən sonra nəhayət, bu il müsabiqəyə qayıdan İtalyanı isə "Eurovision -2011"də Rafael Qualazzi təmsil edəcək. İtaliyalı musiqiçi müsabiqədə "Follia d’Amore" kompoziyasını oxuyacaq. İtaliya da birbaşa finalda çıxış edən beş ölkə sırasındadır.

Gürcüstanı isə builki müsabiqədə Eldrine "One More Day" mahnısı ilə təmsil etmək hüququ qazanıb. O, mayın 10-da keçiriləcək I yarımfinalda çıxış edəcək.

Təmsilçisini daha öncə müəyyənləşdirən Bosniya və Herseqovina bu günlərdə mahnısını da seçib. Bosniya və Herseqovina təmsilçisi Dino Merlin bu müsabiqədə "Love in Rewind" mahnısını ifa edəcək.

Qeyd edək ki, Almaniyanın Düsseldorf şəhərində "Eurovision-2011" mahnı müsabiqəsinin yarımfinallarının mayın 10-da və 12-də, finalının isə 14-də keçirilməsi qərara alınıb. Azərbaycanı bu müsabiqədə təmsil etmək şansı qazanan Eldar Qasımov və Nigar Camal müsabiqənin I yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaq. Müsabiqədə Avropanın 43 ölkəsi iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə