Azəri Günel: “Heyifsilənsəm, guya nəsə dəyişəcək ki?”

Azəri Günel: “Heyifsilənsəm, guya nəsə dəyişəcək ki?”
Hazırda başı Avropanın bir neçə ölkəsində solo-konsert verməyə qarışan Azərbaycanlı müğənni Azəri Günel (Zeynalova) Stokholma yola düşməmişdən öncə oxucularımızın marağına səbəb olacaq açıqlama verdi. SİA-ya Türkiyədən telefonla müsahibə verən Günel, ötən ilin sonlarında evindən qızıllarının oğurlanmasından sonra adekvat tədbirlər görüb: "Qızıllarımın hələ də tapılmamasına üzülsəm də, bu hadisəni yavaş-yavaş unutduğuma inana bilərsiniz. Heyifsilənsəm, guya nəsə dəyişəcək ki? Çıxış yolunu seyf almaqda gördük. Atamla məsləhətləşdim və ikimizin yekdil qərarı seyf almaq oldu. Birbaşa mağazaya getdik və nə-az, nə-çox çəkisi düz 120 kq olan seyf aldıq. Bir neçə gündür ki, özümü xeyli arxayın hiss edirəm. Artıq gözüm arxada qalmadan, istənilən ölkəyə rahat səfərlər edə bilirəm. Qızıllarımı və dəyərli olan digər bəzək əşyalarımı həmin seyfdə saxlayıram. Yəni oğrular üçün heç bir şans qalmadı. Ümidvaram ki, bir daha kimsə məndən nələrisə oğurlamağa cürət etməyəcək. Ən azından seyfdən soyğunçuluq etmək mümkün olan bir iş deyil".

Diqqətli oxucular xatırlayar ki, Günel, elə SİA-ya vasitəsi ilə onu "soymuş" insanların kimliyini bilməyə-bilməyə oğrulara halallıq verdiyini dilə gətimişdi.

Məlumat üçün bildirək ki, Azəri Günelin qızılları atası Rəhman Zeynalovla birgə İstanbulda yaşadığı mənzilindən oğurlanıb. Ümumi dəyəri 25 000 türk lirəsi (13 500 manat) olan qızılların oğurlanması ilə bağlı Zeynalovlar ailəsi 8-18 noyabr 2010-cu il tarixləri arasında baş vermiş hadisəni bilən kimi dərhal polisə və prokurorluğa müraciət etmişdilər. Həmin vaxt Günel və atası Bakıda olduqları üçün, mənzilin açarları təmizlik işləri aparan T.Seyhan, C.Esra, C.Emre, Azərbaycan əsilli Səidə və Füzulidə olub. Şikayətdən aylar ötməsinə baxmayaraq, Türkiyə hüquq-mühafizə orqanları oğurluqla bağlı başlanmış istintaqı yekunlaşdıra bilməyib. Belə ki, oğrunun kimliyini müəyyən etmək hələ də mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə