Gülbahar Şükürlü media mənsublarını başına yığdı

Dünən paytaxt restoranlarının birində Azərbaycanın əməkdar artisti, qarmon ifaçısı Gülbahar Şükürlünün "Azərbaycan" adlı diskinin təqdimat mərasimi keçirilib.

SİA-nın məlumatına görə, Gülbahar xanımı təbrik etmək üçün Azərbaycanın tanınmış sənətkarları, mədəniyyət xadimləri təşrif buyurublar. Onların arasında xalq artisti Nazpəri Dostəliyeva, Səkinə İsmayılova, Gülüstan Əliyev, Ramiz Mirişli, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, əməkdar artist Almaz Ələsgərli, Ədalət Şükürov, müğənnilər Rahidə Baxışova, Leyla Ramazanlı, rəqqasə Fatimə Fətəliyeva və başqaları.

Mərasimdə disklər yanaşı qarmon ifaçısının yeni klipi də təqdim olundu. Xalq artisti Ramiz Mirişlinin bəstəsi olan "Könül sındırmışam" adlı mahnını qarmonda ifa edən Gülbahar xanım klipi çəkməyi rejissor Pərvizə həvalə edib. Maraqlı məqam ordadır ki, klipdə Gülbahar xanımın tərəf müqabili Ramiz Mirişli olub. Hər kəs oynayıb şənləndiyi zaman, jurnalistlərin istəyi ilə mini-mətbuat konfransında iştirak edən əməkdar artist və rejissor Pərviz ərsəyə gətirdikləri işdən ağız dolusu danışdılar: "Ramiz Mirişli ilə çəkilmək başqa zövq idi. Düzdür, mənimlə birlikdə çəkilmək təklifini Ramiz müəllim təəccüblə qarşıladı. Lakin məhz onunla çəkilmək arzum olduğunu bildirən zaman o, mənə yox demədi. İnanıram ki, klip Ramiz müəllimin ürəyincə olub"- deyə Gülbahar xanım jurnalistlərə bildirib.

Gülbahar Şükürlü ilə iş birliyinə imza atan rejissor əməkdar artistdən razı qaldığı dilə gətirdi: "Gülbahar xanımla işləmək mənə zövq verdi. Ona görə demirəm ki, indi Gülbahar xanımın yanında əyləşmişəm və mütləq onu tərifləməliyəm. Xeyir! İş tez zamanda başa gəldi. Sonra hər ikimiz klipdən razı qaldıq"-deyə Pərviz əlavə edib.

Qeyd edək ki, "Azərbaycan" adı diskə 30-a yaxın mahnı daxil edilib. Onların arasında "Azərbaycan", "Ruhiyyə", Gəl inad etmə", "Türk xalq mahnısı", "Sən gəlməz oldun", "Ceyranım", "Mahur təranələri" və s. daxildir. Diskdə həmçinin Gülbahar xanımın Elşad Dadaşovla ifa etdiyi "Aytac" adlı mahnının dueti də yer alıb. Hər birini qarmonda ifa edən Gülbahar xanım mahnıların və diskin ümumi görünüşünün öz ideyası olduğunu da vurğuladı.

Sonda jurnalistlərə gələcək planları barədə məlumat verən Gülbahar xanım onu da bildirib ki, yaxın zamanda musiqisi Emin Sabitoğluya məxsus "Dənizə dönsəm" adlı mahnıya da klip çəkdirməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə