"Eurovision-2011" Milli Finalında bir sıra əcnəbi müğənnilər də iştirak edəcək

"Eurovision-2011" Milli Finalında bir sıra əcnəbi müğənnilər də iştirak edəcək
"Eurovision" Mahnı Müsabiqəsinin milli təşkilatçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkətində hazırda final mərhələsinə son hazırlıqlar gedir. Bu barədə SİA-ya açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov məlumat verib.

O bildirib ki, final mərhələsində 5 ifaçı Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova mübarizə aparacaq: "Azərbaycan Akademik Milli Dram Teatrında keçiriləcək konsert fevralın 11-də, saat 21.00-da başlayacaq. Üç saatlıq konsert proqramında finalçılarla yanaşı, "Eurovision" ulduzlarının da çıxışları nəzərdə tutulur".

Bu dəfəki şouda Azərbaycanın "Eurovision" Mahnı Müsabiqəsində 2010-cu ildəki təmsilçisi Safura ilə yanaşı bir çox ifaçıların da oxuyacağını deyən T. Məmmədov: "Gürcüstan təmsilçisi Sofia Nijaradzenin, San Marinonun "Eurovision-2011"-dəki təmsilçisi Senitin, İsveşrənin "Eurovision-2011"-dəki nümayəndəsi Anna Rossinellinin, dünyada tanınmış DJ Devit Vendetta və digər qonaqların ifaları da tamaşaçılara təqdim olunacaq",- deyə əlavə edib.

Məlumat üçün bildirək ki, final konserti İctimai Televiziya ilə yanaşı "Eurovision" TV, Gürcüstanın İctimai Telviziyası və TRT vasitəsilə canlı yayımlanacaq. Proqramı www.itv.az və www.eurovision.tv internet səhifələrində canlı izləmək mümkün olacaq. Konsertin sonunda isə münsiflər heyətinin səsverməsi nəticəsində Azərbaycanın "Eurovision-2011"dəki təmsilçisi müəyyən ediləcək.

Qeyd edək ki, final konsertində iştirak dəvətnamə əsasında olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə