Müğənni Zenfira İbrahimovanın plastik əməliyyat etdirməsi xəbəri günlərdir müzakirə olunur. SİA-nın məlumatına görə, sənətçi bir neçə gün öncə sosial şəbəkədə paylaşım edərək, artıq piylərdən əziyyət çəkdiyini, əməliyyata girdiyini yazaraq, izləyicilərindən onun üçün dua etmələrini istəmişdi.
Estetik-cərrah Sirus Qoçxaniyə müraciət edən Zenfira əməliyyata girəcəyi gün isə fikrindən daşınıb. Buna səbəb sənətçidən əvvəl əməliyyat olunan xəstənin dünyasını dəyişməsi olub.
İfaçı yenidən "İnstagram" səhifəsində əməliyyat masasından olan videosunu paylaşaraq, bu sözləri yazıb: "Bir neçə gündür ki, əməliyyat olunub-olunmayacağım haqqında müzakirə gedir. Hətta deyilənlərə görə xəstəxanadan qaçmışam. Amma bu xəbər yalandır. Çünki həkimimə inanıram. Hər kəsin bir alın yazısı var. Kimsə də ölübsə, bu həkimin günahı deyil. Mənim üçün narahat olanlar abdominoplastika əməliyyatı etdirmişəm. Çox da razıyam".
Qeyd edək ki, Zenfiranın əməliyyat olunacağı gün vəfat edən şəxs həkim-ginekoloq Sona Gürgün Vəliyeva olub. Elmi-Tədqiqat Ağciyər İnstitutunda işləyən ginekoloqu adı bir neçə dəfə xəstə ölümlərində hallanan estetik-cərrah Sirus Qoçxani əməliyyat edib. Vəfat edən S.Vəliyeva Cəmil Gürgün adlı Türkiyə vətəndaşı ilə evli imiş. Xanımının əməliyyatdan sonra dünyasını dəyişdiyi xəbərini alan həyatı yoldaşı C.Gürgün infarkt keçirib. Sirus Qoçxani "Baku Medical Plaza”da çalışır.
Onu da bildirək ki, Qoçxani 2017-ci ilin iyununda 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Qoçxani o zaman "Zəfəran Hospital”da işləyirdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB