Müğənni Ramal İsrafilov sosial şəbəkələrdə yayılan çılpaq qızların videosunda adı hallanan qardaşı Valeh İsrafilovla bağlı açıqlama yayıb. SİA-nın məlumatına görə, o, ifaçı xalq artisti bibisi Mələkxanım Eyyubovanın "Onları silmişəm" sözlərinə cavab da verib: "Məlum "3 qız" videosunun yayıldığı ilk gün mən də elə hamı kimi dost-tanışın telefonlarında gördüm. Hələ bu hadisənin kimlər tərəfindən və necə törədildiyi haqqında araşdırmalar başlamamışdı. Onu da qeyd edim ki, sözügedən videoda qardaşımın da adının hallanacağını heç təsəvvürümə belə gətirməzdim. Bu məsələyə reaksiyam çox sərt oldu. Həmin hadisəni qınadım. Belə hərəkəti nə Azərbaycan kişisinə, nə də qadınına yaraşdırmadım.
Kişi yetişdirsən o bir fərd olar, bir qadın tərbiyə edə bilsən, ulus və millət olar. Bu baxımdan qadınlar mənim üçün çox dəyərlidir. Azərbaycan xanımları ana və bacılarımdır. Ana videolardakı qızların həyatını puç edən hər "uğurlu" və "zəngin" kişinin arxasındakı dəyərli varlıqdır.
Bu toplum "Kişiyə olar, amma qadına olmaz" deyib qadını kişiyə əzdirəndir. Qızı ana bətnində olanda dünyaya gətirməkdən imtina edib, oğlu oldu deyə başqa qadınlara acıq verəndir. Qaynanadır, baldızdır, xaladır, bibidir... Bu cəmiyyətdə nə qədər ki, qadınlar bir-birilərinə hörmət etməyəcək, həmrəy olmayacaq kişilərdən də qadınlara qarşı yüksək dəyərlər gözləməyin. Qadın qadını dəyərləndirsəydi, bu gün xanımlar əzilməz, nə də öldürülməzdi. Lakin, bir müddət sonra, qınadığım bu video haqqında yayılan xəbərlərdə qardaşım Valehin adını gördüm və hadisəni yenə də sizin kimi saytlardan oxudum. Valehi Ramal İsrafilovun qardaşı kimi təqdim ediblər. Beləcə istəməyərək məsələdə adı hallanan birinə çevrildim. Bəli, məsələdə adı hallanan Valeh, eyni zamanda hər şeydən xəbərsiz olan Vüsal və mən qardaşıq.
Doğruları və yalnışları ilə onlar mənim qardaşlarımdır. Qardaşın, bacının, oğulun, qızın, ananın və atanın səhvlərinə görə onları kəsib ata bilmərik. Axı, ət dırnaqdan ayrılmaz. Ayrılanda da acısı betər olur... Qardaş olsaq da, ayrı-ayrı xasiyyətlərdəyik. Hərəmiz də öz əməllərimizə cavabdehik. 5 barmağın beşinin də eyni olmadığı kimi hər ailədə də insanlar eyni deyil və bir-birinin səhvlərinə görə məsuliyyət daşımırlar. Heç bir kəs səhvsiz deyil. Səhvlərimiz bizə doğru yolu tapmağımıza kömək edir.
Əgər səhvlərinə və günahlarına görə insanları qınasaq, orta əsrlərdəki kimi inkvizisiya məhkəməsi qurub onları cəzalandırsaq o zaman bu cəmiyyətin qanunları, hüquq və məhkəmə sistemi nəyə lazımdır?
Bu ölkənin qanunlarından üstün şərh və düşüncə mənim üçün yoxdur. Əgər kimlərsə səhv edirsə, qanun qarşısında cavab verib cəzalarını alacaqlar.
Bu məsələdə hər kəsi bir az səbirli və o videoda olan xanımlara qarşı da həssas olmağa dəvət edirəm. Biz nə qədər insanları alçaltsaq gələcəkdə namus adı ilə törədiləcək cinayətlər ehtimalını artıyacağıq.
Alova əlimizdə benzinlə yox, su ilə gedək. O qızlarımızın həyatı təhlükəsini düşünək və etdikləri səhvləri düzəltməyə fürsət verək. Axı, ən pozğun insanın belə haqq yoluna gəldiyi nümunələr də var.
Allah bizə sonsuz səbr göstərib, əfv fürsəti verib, tövbə qapısını həmişə üzümüzə açıq qoyduğu halda biz niyə bu qapıları bu gənclərin üzünə bağlayırıq? Bu qədər qəzəbin, kinin qaynağı nədədir?
Mən də öyrəndim ki, qohum da olsa ən çətin anlarda hər kəs ilk növbədə özünü düşünür və bəlkə də fikirləşməlidir. Ətrafımda baş verən hadisələri anlamayacaq qədər körpə, unudacaq qədər də yaşlanmamışam. Hər kəsə kənarda durub hadisələri qınayıb, dərhal hakim kürsüsünə çıxıb mühakimə etmək çox asan gəlir. Bu sözüm isə ünvanlıdır. Bu gün keçmişinə dönüb baxmağa utanan, hətta hekayəsi qarmaqarışıq və bulanlıq olanlar indi "namus keşikçiləri" olub əxlaq dərsi keçir. Bu dərsinizi özünüz də yaxşı öyrənsəniz daha təsirli danışarsınız".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB