Tahir İmanov: "KVN teatrı Prezidentin sayəsində qələbə qazandı" MÜSAHİBƏ

Tahir İmanov: "KVN teatrı Prezidentin sayəsində qələbə qazandı" MÜSAHİBƏ

“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanovun SİA-ya müsahibəsi

- Mart ayının 1-də Prezident İlham Əliyevin bir sıra mədəniyyət və incəsənət xadimləri ilə görüşündə siz də iştirak etmişdiniz. Hətta görüş zamanı xahiş və təkliflərinizi də bildirdiniz. Görüşdən sonra keçən qısa müddət ərzində yaradıcılığınızda nələr dəyişdi?

- Ümumiyyətlə, “Planet Parni iz Baku” KVN teatrı yarandığı gündən indiyənədək bir çox uğurlara imza atıb. Amma müəyyən səbəblərə görə, bir müddət öncə bəzi problemlər yaranmışdı. Bildiyiniz kimi bir neçə televiziya rəhbərləri tərəfindən bizə qadağalar qoyuldu. Qadağalara baxmayaraq, bir neçə il komandamla səbr etdik. Yeganə yolumuz Allaha dua etmək idi (gülür). “Planet Parni iz Baku” KVN teatrının qadağalardan azad olunması üçün dua edirdik. Bununla bağlı müraciətlərimizin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya çatmasını istəyirdik. Nəhayət ki, mart ayının 1-də Prezident İlham Əliyevin bir sıra mədəniyyət və incəsənət xadimləri ilə görüşündə bizə fikrimizi ifadə etmək üçün şərait yaradıldı. Mən və tetrın üzvləri bu görüşü 5 ildir ki, gözləyirdik. Bu illər ərzində hətta bizə təzyiqlər, təhqirlər, müxtəlif hədə-qorxular da olunurdu. Bu hissləri bizə telekanalların rəhbərləri yaşadırdı. Bütün maneələrə baxmayaraq, “Planet Parni iz Baku” KVN teatrının kollektivi məsələyə səbrlə dözdü. Dözümlülüyümüzün nəticəsi olaraq teatrımız cənab Prezidentin sayəsində qələbə əldə etdi. Biz bu qələbəyə görə, ölkə başçısına daim minnətdarıq. “Planet Parni iz Baku” nun bütün qələbələri Ümummilli lider Heydər Əliyevin, cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın adı ilə bağlıdır. Mən hər zaman söyləmişəm və bu gün də bildirirəm ki, Ulu öndər Heydər Əliyev “Planet Parni iz Baku”ya dəstək olmasaydı, hazırda KVN teatrının fəaliyyəti sual altında idi.

- Bildiyiniz kimi, qadağalardan sonra aprel ayında Heydər Əliyev sarayında 4 günlük konsert proqramı ilə çıxış edəcəksiniz. 5 illik fasilədən sonra KVN teatrı tamaşaçıları nə ilə sevindirəcək?

- Doğrudur, “Planet Parni iz Baku” KVN teatrı aprel ayında 4 gün Heydər Əliyev Sarayında tamaşaçılarla görüşəcək. Hazırda sözügedən konsert proqramına hazırlıqla bağlı gecə-gündüz məşqlər edirik. Konsert proqramı birgə əmək nəticəsində ərsəyə gəlir. Bu baxımdan konsertə təkcə aktyorlarlar deyil, prodüserlər, ssenari müəllifləri, qrim ustaları, rəssamlar, digər inzibati qrupun işçiləri də hazırlaşır. Əgər komanda olmasa, aktyorlar heç kimdir. Proqramla bağlı hazırlıq güclü şəkildə davam edir. Hazırda ssenari, səhnə dekorasiyaları, kostyumları üzərində işləyirik.

- Fasilədən sonra konsert proqramı vermək üçün sponsorlar cəlb etmək çətin olmadı?

- Xeyir. Çünki, konsertin reallaşması üçün sponsorlar “Planet Parni iz Baku”nun menecerləri tərəfindən bir neçə ay bundan öncədən cəlb edilib.

- Həyata keçirdiyiniz layihələrə məşhur aktyorları dəvət edirsiniz. Eşitdiyimizə görə, növbəti layihənizdə tamaşaçılar xalq artisti Arif Quliyevi də görəcək. Bu doğrudurmu?

- Xalq artistimiz Arif Quliyev bir neçə gün bundan öncə şəxsən mənə zəng edərək dedi ki, sizinlə bütün layihələrdə iştirak etmək istəyirəm. Bu, bizim sənətimizə, kollektivimizə böyük sənətkar tərəfindən verilən ən yüksək qiymətdir. Təbii ki, bu təklifi qiymətləndirəcəyik.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə