Elariz Məmmədoğlu: “Heç vaxt solo konsert verməyəcəm”-EKSKLÜZİV

Elariz Məmmədoğlu: “Heç vaxt solo konsert verməyəcəm”-EKSKLÜZİV
Çoxdandır ki, səsi-sorağı gəlməyən və toylara başı qarışan müğənni Elariz Məmmədoğlu Azərbaycan şou-biznesindən söz açdı. SİA-ya məlumat verən müğənninin sözlərinə görə, bizdə nə şou var, nə də biznes: "Baxıram və görürəm ki, Azərbaycanda şou-biznes yoxdur. Ona bənzər nə isə var. Şou-biznesin qanunları onun qanunsuzluğundadır. Mən deyəndə toy müğənnisiyəm, hər kəs məni qınadı. Dedilər, Elariz özü boynuna aldı ki, toy müğənnisidir. Amma baxın, indi özünü estrada müğənnisi adlandıran bütün müğənnilər toya can atır. Çünki görürlər ki, səhnəni fəth edə bilməyəcəklər. Mən isə elə əzəldən etiraf elədim ki, toy müğənnisiyəm".

Elariz həmçinin solo konsertlərə də toxundu: "Mənə bəzən sual verirlər ki, nə vaxt solo konsert verəcəksən, deyirəm heç vaxt. Mənim heç vaxt solo konsert vermək fikrim yoxdur. Çünki solo konsertin böyük maliyyə problemləri var. Bunun hazırlığı, icarəsi, reklamları var. Bu çox böyük bir məbləğdir. Bir və ya iki konsertlə bunu ödəmək mümkün olmaz. Bu, mənim üçün əlverişli deyil. Təkrar edirəm, heç vaxt solo konsert verməyəcəm".

Bəs toydan qazandığınız pullar nəyə sərf olunur-sualına müğənni belə cavab verdi: "Toydan qazandıqlarım mənə yalnız ailəmi, maşınımı saxlamağa kifayət edir. Bununla yanaşı, axı mən sənətçiyəm. O, pullar mənə yeni mahnılar alıb, aranjeman edib, klip çəkdirməyə çatır".

Elarizin yadına saldıq ki, o, Azərbaycan şou-biznesində o çoxlu klip çəkdirib, yeni mahnılar yazdıran müğənnilər sırasında yox, tez-tez toyları olan müğənnilər sırasında dayanıb. O, buna da özünəməxsus şəkildə cavab verdi: "Məni sevindirir ki, siz mənim haqımda məlumatlısınız. Bəli, mahnı və kliplərim azdır, amma toylarım var. Məsələn iki il əvvəl mən jurnalistlərlə söhbət edən də onlar mənə deyirdilər ki, mən klip çəkdirməklə rekord vuran bir müğənniyəm. Amma indi siz haqlı olaraq deyirsiniz ki, mən az-az klip çəkdirirəm. Bəli! Son iki ildə mən çox az işləyirəm. 2009-da ümumiyyətlə, heç nə eləməmişəm. Bu il isə cəmi bir klip çəkdirmişəm. "Bəhanə" adlı klipimi bir Almaniya vətəndaşı İrada xanımla çəkdirmişəm. Mahnı mənim olub, sözləri Azər Şirinə məxsus idi. Amma maliyyə xərclərini xanım öz üzərinə götürmüşdü".

Bütün xəbərlər Facebook səhifəmizdə