Şou-ulduzlar Şaxta baba və qar qıza həsrət qaldılar

Şou-ulduzlar Şaxta baba və qar qıza həsrət qaldılar

Yeni ilin gəlişinə üç gün qalmış Azərbaycanın tanınmış estrada müğənniləri bir araya toplanıb əsl bayram şənliyi qurdular. SİA-nın məlumatına görə, "Space TV"nin "Bazar" verilişinin təşəbbüsü ilə baş tutan "oqanyok"da bir vur-çatlasın, çal-oynasın oldu ki, gəl görəsən. Paytaxt restoranlarının birində gerçəkləşən məclisi sözügedən verilişin aparıcısı İdris Cəfərov idarə edirdi.

"Bazar"ın baş redaktoru Əhməd Əsgər, rejissoru Aynurə Tahirqızı, jurnalistləri - Ceyran Nəriman, Zaur, Nura, o cümlədən analıq məzuniyyətində olmasına baxmayaraq oğlu Ümidlə birgə bayram konsertinə təşrif buyuran Arzu Əsgərqızı, eləcədə "Space"in böyük heyətli texniki heyəti, ulduzların bütün kaprizlərinə hörmətə yanaşıb, çəkilişin yüksək səviyyədə alınmasında yaxından iştirak etdilər.

Diqqətçəkən məqamlardan biri də o oldu ki, Yeni ilin əvəzolunmaz personajları hesab edilən Şaxta baba ilə qar qız gözə dəymirdi. Zövqlə bəzənən səhnədə sadəcə kukla "santa-kalaus" var idi. Konsertin rejissoru Aynurə xanım söhbət əsnasında bildirdi ki, onlar fərqlilik olsun deyə şou-ulduzları Şaxta baba və qar qıza həsrət qoyublar.

"Bayram konsertimizin özəlliyi də bundan ibarətdir ki, hamının gözlədiyi personajlar nə səbəbdən bizim ulduzların gözlərini yolda qoyublar. Hidrometroloqlar 31 dekabr və 2011-ci ilin ilk günlərində qar yağma ehtmalının sıfıra bərabər olduğunu söylədikləri üçün biz də sevimli personajlara əziyyət vermək istəmədik. Gördüyünüz kimi süni qar yağdırmaq missiyasını müğənni Ayan həyata keçirdi. Kukla olsa da santaklausumuz bayram əhval-ruhiyyəsi yaratmaqdan ötrü sənətçilərə xeyli ilham verdi. Hamımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edir və tamaşaçılarımızı 2 yanvar tarixində - axşam saatlarında "Bazar"ın sürprizlərdən bol olacaq bayram buraxılışını ləməyə səsləyirəm"- deyə rejissor bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə