Bu gün Faiq Ağayevin doğum günüdür

Bu gün Faiq Ağayevin doğum günüdür
Faiq Ağayev! Bu ad çox söz deyir. Azərbaycanın ən gənc əməkdar, sonra isə ən gənc xalq artisti, gözəl sənətkar, çox mədəni və səmimi bir insan! Bu gün o səmimi və gözəl insanın doğum günüdür. SİA-nın məlumatına görə, 1971-cı ilin bu günündə Bakıda dünyaya göz açan sənətkar peşəkar səhnəyə 1988-ci ildə qədəm basıb. Həmin il "Bakı Payızı-88" Respublika müsabiqəsinin qalibi seçilib. Bu müsabiqədən sonra "Qizil Payiz-89" Respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də qalib gələrək, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb.

Faiq Ağayev 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bundan sonra müğənninin professional səhnə həyatında yüksəliş mərhələsi başlayır. 1996-cı ildən o, Azərbaycan Dövlət Tele-Radio Verilişləri Şirkətinin solistidir. 1995-ci ildə müğənninin "Ola bilməz" adlı ilk albomu çıxır. Bu albomdan sonra 1996-cı ildə çıxan "Səni əvəz eləmir", 1998-ci ildə çıxan "Vəfasızım", 1999-cü ildə buraxılan "Faiq Ağayev - Seçmələr", 2000-ci ildə çıxan "Minilliyin sonu…" və 2002-ci ildə işıq üzü görən "Tam məxfi" albomları müğənninin diskoqrafiyasını davam etdirir.

1998-ci ildə Faiq Ağayev "İlin Konserti" nominasiyasında, 1999-cu ildə isə "Dəşti " klipinə görə "İlin Klipi" nominasiyasında "Humay" Milli Mükafatının sahibi olur. Həmçinin 1999-cu ildə o, "İlin Müğənnisi" nominasiyasında "Grand" Milli Mükafatınını qazanır.

2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə Faiq Ağayevə Əməkdar Artist fəxri adı verilir. Və bununla o, Azərbaycanın ən gənc əməkdar artisti olur.

2000-ci ildə "İlin Müğənnisi" nominasiyasında "Qizil Mikrofon" Milli Mükafatını qazanan Faiq Ağayev, 2001-ci ildə "İlin Müğənnisi", "İlin albomu" ("Minilliyin sonu...") və "İlin Konserti" ("Əsrin və minilliyin son konserti") nominasiyalarında "Grand" Milli Mükafatı sahibi olur.
Pərəstişkarlar arasında "Cənab Qızıl Şlyager" adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 120-dən çox solo konsert verib. 2007-ci il 07-12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət müəyyən etmiş olur.
2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Xalq Artisti fəxri adı verilir.

Bu gün Faiq Ağayevi hər kəs sevir. Onun hər yeni mahnısı bir anda hitə çevrilir və hər kəsin könlünə oxşayır. Faiq Ağayevin bir ordu fanatı var ki, hər zaman onun yanındadırlar və ona dəstək olmağa çalışırlar.

Qeyd edək ki, müğənni ilə əlaqə saxlayıb, ad gününü təbrik edən zaman məlum oldu ki, o, ad gününü keçirmir. Buna səbəb isə məhərrəmlik ayının olmasıdır.

Bizdə Səs İnformasiya Agentliyi adından sənətkara sevgi dolu günlər, xoş anlar və xoşbəxtlik arzu edirik. Hər zaman bax elə bu zirvədə qalmağı diləyirik.

Bütün xəbərlər Facebook səhifəmizdə