Nadir Qafarzadə: “Ay bala, müğənnisən, get müğənniliyini elə də”- MÜSAHİBƏ

Nadir Qafarzadə: “Ay bala, müğənnisən, get müğənniliyini elə də”- MÜSAHİBƏ

Müğənni Nadir Qafarzadə Səs İnformasiya Agentliyinə müsahibə verib

- Nadir bəy, 2010-cu il necə keçdi?

- Çox şok şeylər gördüm. Bəlkə də insan gedib başqa xalqların biri-birinə münasibətini görməsə, belə deməz. Amma mən gedib başqa millətlərin biri-birlərini necə sevdiyini görürəm, görməsəm, bəlkə də danışmaram. Lakin bizimkilər biri-birlərini didib, çeynəyib, parçalayırlar. Yaraşmır axı bizim millətə. Səmimiyyətimə inanın, yalan danışa bilmirəm. Mən də gəlib burda "Dove" sabunu ilə "sabunlanardım" və təriflər tökərdim bütün ətrafıma. Gəlin, özümüzü tanıyaq da, axır ki, bilək biz kimik. Biz böyük bir dövlət olan Azərbaycanlı xalqıyıq. Müstəqil bir dövlətik. Biz hələ də bunu dərk edə bilməmişik. Çoxları bu şeyləri etiraf edə bilmir. Amma onlar çox köpüklü insanlardır. Onlar çıxırlar və camaatın gözündə özlərini yaxşı göstərmək üçün yaltaqlanırlar. Baxın, "sabunlu" insanlar onlardır. Amma deyirlər ki, biz sabundan ən çox istifadə edən xalqıq. Sabun bizim üçün yaranıb. O vaxtı Cəbiş müəllim də müharibə vaxtı əsgərlərə sabun paylayırdı ki, istifadə eləsinlər. Bu köpükləri yumaq lazımdır.

- Bu sabundan istifadə edən insanları biri-birindən necə seçə bilirsiniz?

- Oy, mən hətta bilirəm ki, kim hansı sabundan istifadə edib. Paltar sabunudur, yoxsa əl-üz yumaq üçün.

- Onları yumaq fikriniz varmı?

- Mən kisəçi deyiləm axı. Onları yuya bilmərəm. Onları yuyan xüsusi insanlar mövcuddur, amma əfsuslar olsun ki, Azərbaycanda yoxdur. Onların köpüyünü yumaq üçün heç bir hamam suyu, hətta Xəzər dənizinin suyu da çatmaz.

- Nədir axı sizi belə qəzəbləndirən?

- Baxın, indi mənim haqımda özümdən xəbərsiz yazılar yazırlar. Haqlı-haqsız, ağızlarına gələni yazırlar.

- Xeyr, gəlin düz danışaq, jurnalistlər ağızlarına gələni deyil, olanı yazırlar. Kimsə sizin barənizdə nəyisə deyibsə, buna heç bir jurnalist günahkar deyil. Ümumiyyətlə, hadisələri işıqlandıran tərəf - yəni jurnalistlər başqalarının səsləndirdiyi fikirlərə görə məsuliyyət daşımırlar...

- Söhbət konkret olaraq bir jurnalistdən getmir. Ümumiyyətlə, deyirəm. Mən belə halları görəndə çox pis oluram. Deyirəm budur bizim xalq? Niyə biz biri-birimizi yeyirik? Yadlar az parçalayıb, öldürdülər, diddilər bizi? Bəs öz-özümüzə niyə edirik ki. Ona görə başqa xalqlar bizə deyir ki, bizdə birlik yoxdur. Düz də deyirlər. Birlik olmaya-olmaya ömür boyu da belə olacağıq.

- Sizcə birlik yaratmaq istəyənlər çoxmu azdır?

- Bəli, heç kim istəmir birliyi, bu heç kimə lazım da deyil.


- Ürəyinizdə hələ çox sözünüz qalıb, bilirəm.

- Bəli, mən bir vətəndaş kimi bunu istəyirəm. Biz öz dilimizdə oxuyaq, öz dilimizdə fikirləşib, öz millətimizi sevək. Axırı ki, illər ötdükdə belə, biz biri-birimizi sevək. Biz indi də başlamışıq qeyri millətlərin musiqisini təbliğ edib, onların dilində danışmağa. Hansı ki, o millət heç bizim mahnıları tanımır belə. Bəlkə də bizi heç millət kimi qəbul etmək istəmir.

- Amma gəlin səmimi danışaq, siz də başqa xalqların mahnılarına müraciət etmisiniz. Rus dilində mahnılar oxumusunuz.

- Oxudum, amma mən ruslaşmamışam. Mən onu da Azərbaycan xatirinə edirdim. Rusiyada Azərbaycanı tanıtmaq üçün rus dilində oxumalı idim. Mən gedib onlar üçün Azərbaycan mahnısı oxusaydım, onlar məni başa düşməyəcəkdilər.

- Bəs rus müğənnisi Stas Pyexa ilə iş birliyi nə yerdə qaldı. Siz axı duet oxumalı idiz?

- Açıq danışaq da, bizim əlaqələrimizi quran Zirəddin Rzayev yox olub. Bu iş onun təşəbbüsü ilə olmuşdu. Artıq mahnı da hazır idi. Sözləri də yazılmışdı, mahnı "Baku-Moskva" adlanırdı. Bizim bəstəkar yazdığı üçün mən onu göndərməli idim Moskvaya. Zəng vurdum mənim dostum, qardaşım ekstrasens Zirəddin Rzayevə, amma o mənə cavab vermədi. Bilmirəm indi ona əks dost deyim, yoxsa necə, amma hər halda biz dost idik. Yəqin indi də o mənim üçün dostdur. Yəni ola bilər ki, Stasla iş birliyimiz alınmasın, amma buna görə telefonlarıma cavab verməmək gülüncdür. Mənim ən yaralı yerimdir telefona cavab verməmək, bəlkə mən ölürəm? O, hər zaman mənə cavab verib, mesaj yazıb. Bayramlarda mesajlaşmışıq. Ailələrimizi təbrik etmişik. O bizim, mən də onların evində olmuşam. Çox da isti münasibətlər var idi. Mən bilmədim niyə hər şey belə oldu və bu kimin tərəfindən baş verdi. Mənim fikrimcə bu mənə qarşı həmkarlarım tərəfindən olundu.

- Yəgin ki, Zirəddinlə çox yaxın olan həmkarlarınız edib. Çünki göründüyü kimi Zirəddin onun sözündən çıxmayıb.

- Onunla ən yaxın Aygün Kazımova olub. Amma mənim fikrimcə bu o deyil. Çünki Aygün xanım belə hərəkət eləməz. Bunu ondan gözləmirəm. Onunla dostluq edən başqa həmkarlarım da var idi. Amma mən babal yuya bilmərəm.

- İş birliyi alınmadığı üçün məyus olursuz?

- Yox, alınmadı-alınmadı da. Mən yenə də öz taxt-tacımdayam. Stas Pyexanın olmaması dünyanı dağıtmayacaq. Ancaq bu bir proyekt idi də. Özü də maraqlı bir proyekt idi. Amma kimlərsə buna mane oldular. Yəqin Zirəddin uydu kiminsə sözünə. Amma....

- Bəs bir ekstrasens kimi ona inanırdınız?

- İnanırdım. Mən ona hörmət edirdim. Onu rus kanalının verilişində görəndə fəxr edirdim ki, o, azərbaycanlıdır. Onu efirdə görəndə ailəmlə birlikdə necə sevinirdik. Sonra biz yaxınlaşdıq, dostlaşdıq. Dostlaşanda mən gözlərimə inanmadım. Çünki Zirəddin mənim üçün əl çatmaz bir qüvvə idi. Mən bunu etiraf edirəm. Amma kim bizim aramızı vurdu?! Heç özüm də bilmirəm. Onun çox şəxsi nömrələrini bilirəm ki, o nömrələri ancaq onun ailəsi bilir. O nömrələri də yığıram, cavab vermir. Mənə sadəcə çox maraqlıdır- nə oldu, nə baş verdi? Ən qorxduğum şeydir, belə açılması mümkün olmayan hadisələr. Niyə qaçırsan, aç telefonu cavab ver ki, mənim suçum nədir. Bir mesaj o qədərmi çətindir?! Demək mənim günahım yoxdur. Günahım olsaydı, o mənim günahımı deyərdi. O da aldanan oğlan deyildi. Kimsə vurdu aramızı. Bəlkə də.... Nə bilim bu "bəlkələr" məni çox incidir.

- Nə qədər vaxtdır dostluq edirdiniz?

- O qədər çox vaxt deyil. Ancaq mənə elə gəlirdi ki, biz neçə illərdir tanışıq, dostuq. Sən demə, onun mənə hörməti var imiş. Efirdə məni görüb, səmimiliyimi və özümü bəyənmişdi. O, özü mənə deyirdi ki, nə yaxşı allah bizi görüşdürdü.

- Gəlin mövzudan bir az uzaqlaşaq. Qulağıma sizin dilinizdən çıxan "deputat" sözü dəyib. Bəlkə nə isə bir planınız var?

- Oy-oy-oy..... Ay bala, müğənnisən, get müğənniliyini elə də.

- Siz istəməzsiniz?

- Bəlkə də o vaxt istəyərəm ki, yaşım buna imkan verə. Yaşım hansısa həddə çatar, bəlkə də edərəm. Amma belə mənə çox gülməli gəlir bu mövzu. Bəyəm xalqın taleyi bu qədər ucuzdur?

- Sualım sizdə niyə gülüş doğurdu bilmirəm. Bəyəm SSRİ xalq artisti Zeynəb xanım Xanlarovanın da Milli Məclisin üzvü olduğu sizə bu qədər gülməli görünür?

- Zeynəb Xanlarovanın yaşı buna imkan verir. O, illərin sənətkarıdır. Ümumiyyətlə, bu işdə daha ciddi, ağıllı və peşəkar insan olmalıdır əslində!

-Bəlkə bir azda, öz adı ətrafında olan "Maşın-şou REVANŞ"-dan da bir az danışaq.

-Açığın deyim, mən bu barədə ümumiyyətlə danışmaq istəmirəm. Əlimi də ona görə götürdüm ki, maşına ehtiyacı olan mən deyildim. Bu haqda bu qədər!

Bütün xəbərlər Facebook səhifəmizdə