Aygün Kazımovanın konsertində nələr yaşandı? FOTOLAR

Aygün Kazımovanın konsertində nələr yaşandı? FOTOLAR

Xalq artisti Aygün Kazımova “Duy” adlı konsert verib. SİA-nın məlumatına görə, klubların birində baş tutan gecəyə ilk olaraq Rizvan Əliyev və Röya Miriyeva çıxıb. Onlar gitara ilə Kazımovanın repertuarındakı mahnıları səsləndirib.

Bir az keçdikdən sonra isə səhnəyə gürcü dicey Kahaber Tsiskaridze və qrupu “Khanums” çıxıb. Dicey qrupu ilə birlikdə maraqlı şou göstərib. O, mahnıları ilə yanaşı rəqsiylə də qonaqları heyrətləndirib.

Daha sonra Aygün Ay və Günəş formasında olan dekorun arxasında səhnəyə gəlib. Qara qısa geyimdə səhnəyə çıxan Divanı qara geyimli rəqqaslar müşayiət ediblər. Kazımova ilk olaraq “Tı i ya” mahnısını səsləndirib. Daha sonra bir-birinin ardınca “Ya devoçka vastoçnaya”, “Karie qlaza” bəstələrini oxuyan müğənni bütün gecə canlı ifalar təqdim edib.

Konsertin ilk hissəsində ifaçı repertuarında yer alan köhnə mahnılarını yeni aranjimanda təqdim edib. Qısa fasilə verən Aygün yeni geyimdə səhnəyə qayıdıb. Bu dəfə isə sənətçi "Duy" albomunda yer alan mahnıları səsləndirib. Gecə boyunca A.Kazımova ifasıyla qonaqları əyləndirməklə yanaşı ehtiraslı rəqsləriylə də diqqət çəkib.

Aygün gecədə üç libas dəyişib. İlk olaraq qara qısa transparan paltarda tamaşaçıların qarşısına çıxan sənətçi daha sonra qırmızı geyimdən istifadə edib. Müğənninin libaslarını isə modelyer Rüfət İsmayıl hazırlayıb.

Konsertin üçüncü hissəsində isə ifaçı dicey David Vendetta ilə səhnəyə çıxıb və "Duy" mahnısını birlikdə səsləndiriblər. Tamaşaçılarla sağollaşan Aygün yenidən Ay və Günəş formasında olan dekoru ilə səhnədən gedib. Amma bir az keçdikdən sonra müğənni üçüncü dəfə səhnəyə qayıdıb və bu dəfə qızılı paltardan istifadə edib.

Kazımovanın üçüncü çıxışının səbəbi isə növbəti klipi üçün görüntülərin lentə alınması olub. Ümumiyyətlə, konsert boyunca sənətçinin növbəti klipinin çəkilişləri də aparılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə