Pərvin: "Serial bazarında pul yoxdur"

Pərvin: "Serial bazarında pul yoxdur"

Aktrisa Pərvin Abıyeva "İnstagram"da canlı yayıma girərək izləyicilərinin suallarını cavablandırıb. SİA-nın məlumatına görə, o, seriallara çəkilməməsinin səbəbini açıqlayıb: "Seriallara çəkilmirəm. Çünki istədiyim qonorarla razı olmurlar. Mən də onların verdiyi qonorarı istəmirəm. Serial bazarında pul yoxdur. Bu yay bəlkə beş serialdan imtina etmişəm. Baxıram ki, məni bəyənməyən yarı aktrisalar mənim razılaşmadığım məbləğdən az da o rola çəkilir. O pul heç mənim benzinimi ödəmir. Baxıram onlara gülürəm, fərqimiz budur. Zəhmətimə dəyər verirəm, siz yox. Nə var efirdə olum deyə, gedib hər şeyə çəkilirsiz. Sonra da gedib o pulu müalicəyə qoyursunuz".

Pərvin rejissorlardan istədiyi qonorarın məbləğini də açıqlayıb: "Rejissor və ya prodüser çağırır, danışırsan, hər şeyi izah edir. Maaşa gələndə qalır. Deyirəm ki, aya 3 min manat, bölüm başına 500 manat istəyirəm. Ayın hər günü çəkiliş olmur. Cavab verirlər ki, bizim sizə verəcəyimiz maaş min manatdır. Buna gülürəm ki, min manata mən ilk serialda çəkildim. Sonra dedim ki, serial bitdi. Çəkilişlər soyuq məkanda aparılır, donuruq. Elə səhnələr olur ki, səhərə kimi davam edir. Yuxusuz qalırsan, qrim üzünü məhv edir. Əsəblərin pozulur.

Yeməklər mədəni xəstə salır. İlin sonunda görürsən ki, əsəblərin, mədən, təzyiqin, dərin artıq o deyil. Ayda aldığın min manat nəyə çatır? Ancaq müalicəmə gedəcək. Özümə qadağa qoydum ki, tələb etdiyim maaş olmayana qədər oynamayacam. "Bacanaqlar"dan başqa heç yerdə 4 ildir yoxam. Mənimlə reytinqə görə işləməyi çox istəyirlər. Çox tanınmayan aktrisanı çəkəcək, səhifəsində on min görəcək. Pərvin paylaşsa isə 780 mindən çox adam baxacaq, reytinq qalxacaq".

Aktrisa gəlir mənbəyini də açıqlayıb: "Serial insanı geriyə atır. 4 il ərzində səhifəmdə reklam yerləşdirirəm, bunları pulla edirəm. Real izləyicilər yığmışam. Məhsul qarşılığında hədiyyə ilə işləmirəm. İstifadə etməyəcəyim şeylərdir. Bütün reklamlara pul alıram".

Bütün xəbərlər Facebook səhifəmizdə