Azərbaycanda niyə maarifləndirici kliplər çəkilmir? ARAŞDIRMA
Bildiyimiz kimi, Azərbaycanda kliplərin sayı günü-gündən artır. Müğənnilər çəkdirdikləri ekran işlərində daha çox açıq-saçıq geyinən qızların rəqslərinə üstünlük verirlər. Tamaşaçılara maraqlıdır ki, niyə kliplərdə Azərbaycanın tarixi yerləri yox, məhz yarıçılpaq geyinən qızların görüntülərindən istifadə olunur. SİA bununla bağlı araşdırma edib.
Əməkdar incəsənət xadimi, rejissor, ssenarist, aktyor Əbdül Mahmudov (Şeyx Əbdül) məsələ ilə bağlı iradlarını bildirib: “Klip, serial və kinoların azadlığının əlehinə deyiləm. Sadəcə olaraq kliplərdə, seriallarda, kinolarda Azərbaycan adət-ənənəsinə uyğun kadrlar yer almalıdır. Bir çox rejissorlar asan yollardan istifadə edirlər. Belə ki, klipmeykerlər internet saytlarından xarici klipləri izləyərək, yerli müğənnilərimizin ekran işlərində həmin görüntüləri çəkirlər. İfaçılar bu cür ekran işlərini tamaşaçılara təqdim edərək, mədəniyyətimizi məhv edirlər. Məni ən çox narahat edən məsələ isə bəzi sənətçilər Ulu Öndər Heydər Əliyevin şüarı olan “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözlərini kliplərində deməkləridir. Bu şüarı yalnız Ümummilli Lider Heydər Əliyev deyə bilər. Müğənnisən get, oxu. Əgər hansısa bir məqam Vətənimizə, xalqımıza, əxlaqımıza zərər gətirəcəksə, buna mütləq nəzarət olunmalıdır. Bunun söz azadlığına, demokratiyaya heç bir adiyyatı yoxdur. Əgər hansısa müğənni klipində rejissora tərbiyəsiz kadrlar lentə aldırırsa, həmin klipmeyker və ifaçı daş-qalaq olunmalıdır. Bəzi rejissorlar yarıçılpaq qızları kliplərdə oynadıb, eybəcər işlər ortaya qoyurlar. Həmin kliplərdə sujet xətti olmur, mahnının sözləri ilə də klip uyğun gəlmir. Azərbaycan mədəniyyəti günü-gündən əldən gedir. Bunu edənlər küçədən gələn, mənəviyyatsız insanlardır. Bu şəxslər ancaq pul qazanmağı fikirləşirlər. Yoxsa, soyunaq ortaya düşək. Nə vaxtdan soyunmaq müasirlik olub? Buna görə ciddi qadağalar olunmalıdır”.

Rejissor Nail Naiboğlu kliplərdə müğənnidən çox yarıçılpaq geyimdə qızların ifrat dərəcədə gözəçarpdığını bildirib: “Kliplər iki yerə bölünür: Qlamur və sujet xətti olan. Qlamur kliplər dünyanın hər bir ölkəsində var. Qlamur ekran işində açıq-saçıq geyimdə qızların rəqsi və gözəlliklər yer alır. Bu cür kliplərdə daha çox aktyor və aktrisalar yarıçılpaq olur. Bu da çox normal haldır. Onu da deyim ki, qlamur kliplərdə açıq-saçıq geyimlərdə qızların rəqs etməsi və aktyorların yarıçılpaq vəziyyətdə çəkilməsi rejissorla ifaçının fikri üst-üstə düşür. Sadəcə olaraq, bəzi yerli ekran işlərimizdə arxa fonda oynayan qızlar çox bərbad və iyrənc halda təqdim olunub. Bu da rejissorların qeyri-peşəkarlığından irəli gəlir”.

Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova kliplərdə bu cür halların olmasının tərəfdarı olmadığını və uşaqlara təsir etdiyini bildirib: “Son zamanlar kliplərdə yarıçılpaq geyimlərdə rəqqasələrin oynaması çox geniş yayılıb. Demək olar ki, əksər müğənnilərin ekran işlərinin sujet xətti bir-birinə çox bənzəyir. Bu ondan irəli gəlir ki, ifaçılar belə kliplərlə yadda qalmaq və diqqət çəkmək istəyirlər. Çünki mahnıdakı sözlər insanları cəlb etmir. Ona görə də sənətçilər çalışır ki, belə ekran işləri ilə gündəmdə qalsınlar. Amma onlar nəzərə almalıdırlar ki, sözügedən kliplərə təkcə gənc, orta və yaşlı nəslin nümayəndəsi izləmir. Eyni zamanda körpələrimiz də baxır. Bu hal uşaqlar üçün qaçırılmazdır. Ona görə də körpələr valideyn nəzarətində olduğu üçün məsuliyyət yenə hər zamankı kimi valideynlərin üzərinə düşür. Ata və ana uşaqlarını nəzarətdə saxlamalıdırlar. Valideynlər övladları ilə televizora baxarkən bu cür kliplərlə rastlaşanda dərhal kanalı çevirməlirlər. Çalışmalıdırlar ki, uşaqların fikirlərini başqa tərəfə yönəltsinlər. Onu da deyim ki, hazırda körpələr “Cücələr” mahnısını yox, trend olan bəstələri oxuyurlar. Bu da düzgün deyil. Çünki onların marağı başqa yönə çevrilir. Ona görə valideynlər mütləq övladlarına nəzarət etməlidirlər ki, dünyaya olan maraqları dəyişilməsin. Təbii ki, ata və analar bunu qadağa şəklində etməməlidirlər. Çünki onda uşağın marağı lazımsız yerlərə daha çox artır”.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB