Aktyor: "Göbələk kimi ortaya çıxan bəzi “viner”lərtək..." MÜSAHİBƏ-FOTOLAR

Aktyor Səbuhi Xanlarovun SİA-ya müsahibəsi:

- Sizi aktyor olaraq filmlərdə görə bilmirik. Buna səbəb nədir?

- Mən hansısa rejissor tərəfindən filmlərə dəvət edilmirəm. Rejissorlara demək istəyirəm ki, mənim istedadımdan istifadə edin. Bəzi “dostlarım” var ki, onlar orda-burda danışırlar ki, “Səbuhi Bakıda olmur. Çəkilişə gəlməyəcək, məsuliyyətsizdir”. Amma mən öz məsuliyyətimi gözəl başa düşürəm.

- Son günlər komediya janrında çəkilmiş filmlərdən razısınız?

- Mənə elə gəlir ki, son günlər komediya janrında lentə alınmış filmlərdə təkrarçılıq var. Çünki hansı ekran işlərinə baxırsan eyni aktyorlar - Fərda Xudaverdiyev, Müşfiq Şahverdiyev rol alıb. Cəmiyyət bu insanların filmlərdə üzlərini görməkdən bezib.

- Hansı rejissordan dəvət gözləyirsiniz?

- İlham Qasımova səslənirəm və ümid edirəm ki, dəyərli insan bir gün filmlərinin birində məni çəkəcək. Mən məşhurlaşandan sonra hansısa rejissor tərəfindən filmə dəvət olunsam, razı olmaram.

- Sizi efirlərdə də görə bilmirik. Buna səbəb nədir?

- Mən Türkiyədə yaşadığıma görə verilişlərdə iştirak edə bilmirəm.

- Özünüzü Azərbaycanın “Recep İvedik”i adlandırırsınız. Doğrudur?

- Mən Azərbaycanın “Recep İvediki”yəm. Sadəcə olaraq, məni həzm edə bilmirlər. Yalnız mənə dilənçi kimi zəng edib, pul istəyirlər. Həmin aktyorların adlarını da deyərəm. Sadəcə olaraq, ailələrinə görə ayıb edib, adlarını açıqlamıram. Bir çox aktyorların mənə kifayət qədər borcu var. Mən də həmin insanlara borc pul verdikdən sonra geri almağa utanıram.

- Heç bir filmdə və ya reklamda çəkilmədiyinizə görə gəlir yeriniz hardandır?

- Hazırda üzərimdə olan üst geyimimin 33 000 qiyməti var (gülür). Yaxşı dostlarımın sayəsində maddi baxımdan əziyyət çəkmirəm. Mən dostlarıma pul gözündə baxmıram. Sadəcə olaraq, dostlarıma qarşı səmimiyəm. Onlar da mənə qarşı hər zaman xoş münasibətdədirlər. Hətta istəsəm həmin dostlarım mənə ssenari yazdırarlar. Həmin filmin ssenarisində də baş rolda çəkilərəm.

- Sosial şəbəkələrdə müğənni Damlanı “yıxıb-sürüyürsünüz”. Həmin ifaçı ilə münasibətlərinizdə problem var?

- Hər kəs Məsumə adlı müğənnini Damla olaraq tanıyır. Mən onu uzun illərdir tanıyıram. Bəlkə də məni həmin ifaçı artıq unudub. Çünki insanlar dəyişilir (gülür). Bildiyiniz kimi, Damlanın atası bir neçə gün bundan öncə vəfat etdi. Onu atası rəhmətə gedən gün iki əsgərimiz şəhid oldu. Allah Damla xanımın atasına və iki əsgərimizə rəhmət eləsin. Damlanın valideyninin ölüm xəbərini bəzi saytlar reytinq xatirinə yazdılar. Lakin həmin saytlar iki əsgərimizin şəhid olduqlarını unutdular. Amma hər kəs bilməlidir ki, əsgərlərimiz Vətən yolunda canlarından keçiblər. Həmin əsgərlərimizin ölüm xəbərini ictimailəşdirmək lazımdır. Yoxsa, Damla kimi artistlərin sosial şəbəkədə ağlayaraq paylaşdıqları videoları saytlarda işıqlandırmaq lazım deyil. O, rola girərək gah ağlayır, 5 dəqiqədən sonra gülür. Saytlar Damlanın lazımsız xəbərlərini cəmiyyətə ötürür, onun etdiklərini şişirdirlər. Həmin sənətçi də məşhurlaşmağa başlayır. Sonra da deyirlər ki, Damla da müğənni olub, ortaya çıxdı.

- Hansı parodistləri bəyənirsiniz?

- İlkin Fuadın parodiyalarını çox bəyənirəm. Onun parodiyaları dəqiq və qərərsizdir.

- Hazırda fəaliyyət göstərən “viner”lərdən razısınız?

- Bəzi “viner”lər var ki, onların fəaliyyətini bəyənirəm. Lakin adlarını deməyəcəyəm. Çünki həmin “viner”lər heç vaxt mənim adımı heç yerdə çəkmirlər. Onu da qeyd edim ki, bir müddət öncə kimin nə yaxşı işi var idisə, həmin kəsləri reklam edirdim. Artıq bu xasiyyətimi bir kənara qoymuşam. Çünki bəzi insanların aqressiyasını görəndən sonra artıq heç kimə yaxşılıq etmirəm.

- “Bu şəhərdə” komandasının fəaliyyətini bəyənirsiniz?

- Bütün dünya cılızlaşmış komediyalara üstünlük verir. İnsanlar tərbiyəsiz komediyaları izləyirlər. “Bu şəhərdə” komandasının üzvləri olan əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov dostlarımdır. Lakin həmin komandanın tamaşalarında təkrarçılıq var.

- Mədəniyyət və incəsənət aləmində nədən narazısınız?

- İndi danışacağam, deyəcəklər yenə hər şeydən narazıdır. Bəzi mədəniyyət işçiləri var ki, bir-birlərinin üzünə gülüb, qeybətini edirlər.

- Səbuhi Xanlarov Azərbaycan mədəniyyətinə hansı yenilik gətirə bilər?

- Mən illər öncə yenilik etmişəm. Belə ki, Azərbayacana ilk olaraq “viner”i və ləhcəylə danışmağı mən gətirmişəm.

- Avtomobillərinizi reklam edərək, gündəmdə qalmaq istəyirsiniz?

- Gündəmdə qalmaq üçün pulumu verib, efirlərə çıxaram. Şükürlər olsun ki, maddi durumum yaxşıdır. Türkiyədə evim, bahalı avtomobillərim var. Mən göbələk kimi ortaya çıxan bəzi “viner”lərtək “İnstagram” səhifəmdə nəyisə reklam edib pul qazanmıram.

- Sosial medialarda sizi təhqir edənlərə nə demək istərdiniz?

- Şəxsiyyəti olmayanlar sosial şəbəkələrdə axmaq-axmaq şərhlər yazırlar. Bu yaxınlarda da müğənni Vüqar Muradov həmin kəsləri təhqir etdi. Sosial şəbəkədə pələngə çevrilənlərə demək istəyirəm ki, az da olsa qeyrətiniz, namusunuz olsun. Ailə üzvlərinizə hörmət edin. Heç kimi təhqir etməyin. Bundan sonra məni sosial şəbəkələrdə söyənləri məhkəməyə verəcəyəm. Azərbaycan dövlətinin qanunları var. Hər kəs etdiyi əmələ görə qanun qarşısında cavab verməlidir.

- Bir neçə gün bundan öncə Türkiyədə idiniz. Bakıya gəlməyinizə səbəb nədir?

- Prezident seçkiləri ərəfəsində dövlət başçımız İlham Əliyevə dəstək olmaq üçün Azərbaycana gəlmişəm. Mən İlham Əliyevi yenidən Prezident görmək istəyirəm. Dövlət başçısı İlham Əliyevin xalqı və ölkəsi üçün gördüyü uğurlu işləri dünyanın hər yerində danışacağam.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə