Azərbaycanın İstanbuldakı baş konsulu İlhamə Quliyevanı qəbul edib - FOTO

Azərbaycanın İstanbuldakı baş konsulu İlhamə Quliyevanı qəbul edib - FOTO
Hazırda Türkiyədə səfərdə olan Türk dünyasının sənət kraliçası İlhamə Quliyeva bir sıra vacib görüşlər həyata keçirib. Bu barədə SİA-ya xalq artistinin mətbuat katibi Faiq Ələkbərli məlumat verib. Onun sözlərinə görə, ötən gün Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov İlhamə xanımı qəbul edib, onun şərəfinə ziyafət təşkil edilib. Baş konsul görüşdə bildirib ki, yaxın günlərdə Türkiyədə sənətkarın yaradıcılığı ilə bağlı bir sıra işlər görüləcək, solo-konserti keçiriləcək. Son zamanlar Azərbaycandakı incəsənət sahəsində əldə olunan nailiyyətlər haqda söhbət edən Həsən Zeynalov yaxın günlərdə Azərbaycanın incəsənət ustalarının Türkiyə səhnələrində görünmələri üçün əlindən gələni əsirgəməyəcəyi haqda fikirlərini, proqramlarını söyləyib.

İlhamə xanım isə Azərbaycan mədəniyyətində, musiqi sahəsində son zamanlar əldə edilən uğurlardan danışıb. Müğənni qeyd edib ki, bu sahədə dövlət başçısı İlham Əliyev, xanımı Mehriban Əliyevanın sərf etdiyi zəhmət və müvəffəqiyyətlər çoxdur: "Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan muğamı dünyaya tanıdılır, muğam sənətinin inkişafına xüsusi diqqət ayrılır. Bundan əlavə, Azərbaycanın mədəniyyət ustalarının xarici ölkələrdə konsertləri təşkil edilir. Xüsusilə gənc sənətçilərə xüsusi diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyevin layiqli davaçısı olan İlham Əliyevin sərəncamı ilə xeyli sayda sənət adamı xüsusi mükafatlara, fəxri adlara layiq görülüb". İlhamə xanım vurğulayıb ki, məhz bunun sayəsində bu gün Azərbaycan musiqisi öz ənənəsini qoruyub saxlayır, daim inkişaf edir.

Qeyd edək ki, dekabr ayının sonunda İstanbulda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə İlhamə xanım başda olmaqla Azərbaycan incəsənət nümayəndələri baş konsul tərəfindən təşkil olunacaq gecəyə dəvət olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə