Müğənnidən maraqlı etiraf AÇIQLAMA-FOTOLAR

Müğənnidən maraqlı etiraf AÇIQLAMA-FOTOLAR

Xalq artisti Gülyanaq Məmmədovanın tələbəsi Naili İmran yaradıcılığından danışıb. SİA-ya açıqlama verən ifaçı yaradıcılığa 11 yaşından başladığını deyib: “Atam musiqiçidir və elə uşaq yaşlarından artıq səhnəni mənə sevdirib. Ona baxdıqca həvəsə gəldim. Musiqi duyumu anadangəlmədir. Yəqin bu mənə atamdan keçib. Həmişə güzgüyə baxanda əlimdə daraq özümü səhnədə hiss edirdim”.

Müğənni bildirib ki, onun atasının repertuarında hər zaman Azərbaycan musiqiləri yer alıb: “Biz Qazaxıstanda yaşasaq da, atam həmişə Azərbaycan mahnılarını ifa edib. Ən çox Azərbaycan musiqiləri dinlədib bizə, evdə Azərbaycan dilində danışmışıq. Əslimiz Gürcüstandandır. Orda yaşasaq da köklərimizi və mədəniyyətimizi unutmamışıq”.

Muğamımızı da çox sevdiyini deyən Naili İmran, atası kimi, özünün də muğam ifaçılığına xüsusi marağının olduğunu dilə gətirib: “Atam özü də muğam oxuyur. Uşaq vaxtı düşünürdüm ki, o boğazları necə edir, bu mənə maraqlı idi. Dinləmək başqadır, təhsil almaq tam başqadır. Muğamı hər adam oxuya bilmir. Estrada janrını hamı oxuyar, muğam çətindir, mütləq təhsilin olmalıdır”.

Qazaxıstanda yetərincə tanınan Naili İmran indi Azərbaycanda da sevilmək istəyindədir: “Azərbaycanı çox sevirəm və burada yaşamaq, fəaliyyət göstərmək arzumdur. Burda özümü doğma evimdəki kimi hiss edirəm. Azərbaycanda məşhur olmaq və dünyaya çıxmaq, dünyada tanınmaq daha asandır. İfa olunan mahnılarım Qazaxıstandan başqa heç yerdə dinlənilmir, daha geniş auditoriyanı cəlb eləmək imkanı azdır. Amma Azərbaycanda nəsə oxuyanda bir çox yerlərdə dinlənilir, bir çox ölkələrdə məşhur olur, auditoriyası genişdir. Ona görə də istəyirəm fəaliyyətimi burada davam etdirim ki, oxuduğum mahnıları dinləsinlər. Burda da məni tanısınlar”.

Yeni mahnı ilə dinləyicilərin görüşünə gələn Naili İmran, sözləri və musiqisi Aydın Saniyə, aranjemanı Rövşən Muhammada məxsus olan “Sənin haqqınmı var” adlanır. İfaçı bildirir ki, bu mahnını ifa etmək onun içindən gəlib: “Qadın zərif məxluqdur, onu incitmək, təhqir eləmək düzgün deyil. Qadının qəlbini incitməkdənsə, onu hər zaman sevindirməyə çalışmalıdır bütün kişilər. Bu mahnını da məhz buna görə ifa etdim. Qadınların qəlbi incədir, qürurları qırılır. Sən sevgini verirsən qarşındakı isə sənin ürəyinlə, incə hisslərinlə oynayır. Belə hallar indi çox olur…”

Onu da bildirmək yerinə düşər ki, xalq mahnılarına, muğama çox böyük həvəsi olan Naili İmran Azərbaycanda xalq artisti Gülyanaq Məmmədovadan dərs alıb: “Müəllimimə çox dəyər verirəm, həm xanımlığına, həm sənətinə. Gülyanaq xanım məni Bakıya dəvət etdi və dedi ki, bu cür məlahətli səsin var, gəl burda oxu. Və mənə məsləhətlər verdi ki, özünün dəyərini bil”.

Bütün xəbərlər Facebook səhifəmizdə