Məşhurlar balaca Zəhra üçün göz yaşı tökdülər FOTOLAR

Xəbər verdiyimiz kimi, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. SİA-nın məlumatına görə, atışma zamanı yaralanan 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Kiçik Zəhranın ölümü bütün Azərbaycan xalqını ayağa qaldırıb.

Bu hadisəyə şou-biznesin tanınmış simaları da biganə qalmayıb. Belə ki, məşhurlar Zəhranın fotosunu "İnstagram" səhifələrində paylaşaraq fikirlərini bildiriblər.

Tanınmışların paylaşımlarını təqdim edirik:

Xalq artisti Flora Kərimova: "Qanın qanımdır, canım canımdır. Söz tapmıram, nitqim quruyub. Bu yerdə nə təsəlliyə yer var, nə başsağlığına. Allahdan rəhmət diləyirəm, amma utanıram. Utanıram o körpədən, o fidandan utanıram, o məsumluqdan utanıram, o Zəhramdan utanıram. Qarğımağım gəlir, hayqırmağım gəlir. Allah öyündüyümüz səbrimizi kəssin. Birinci deyil, heç olmazsa, sonuncu olsun".

Xalq artisti Aygün Kazımova: "Bu gün heç vaxt olmadığı qədər həmrəylik nümayiş etdirməliyik. Ölümdən qorxmayan millət – ölümsüzdür. Allah xalqımıza səbr versin. Amin”.

Əməkdar artist Röya Ayxan: "Biz səninlə öldük, Zəhra. Sən hamımızdan bir parçasan. Adın onların mütləq cavabını verəcək. Yaşamağa məna qalmır. Amma kim görür ki, səni bizdən başqa. Özümüz özümüzə dağ çəkirik. Hər kəs bir-birini qınayacaq, bir-birində günah axtaracaq".

Aparıcı-müğənni Murad Arif: "Öz mənfəətinə sığınan, şəxsi mənafeyini üstün tutan, "məndən ötdü, qonşuma dəydi" prinsipiylə yaşayan, təşəbbüs irəli sürməyən, qaldığı yerdən məmnun, inkişafdan qorxan, heç bir sosial məsələdən dolayı əsla bir ola bilməyən cəmiyyət olmayaq! Savadlanıb, dünyanın işlərindən xəbərdar olaq! Dostumuzu-düşmənimizi seçək. Hərdən komfort zonamızdan, qınımızdan çıxaq. Oturub ancaq artist qızların tumanını müzakirə edib, toyxana verilişlərinə baxıb kütləşməyək. Hər fürsətdə bir-birimizi atmayaq. Bölgələrə bölünməyək. Bir-birimizi sevək. Qayğıkeş olaq. Kütlə yox, xalq olaq. Koroğlu Uvertürası eşidəndə tüklərimiz tikan olsun. Bu vətənin türkünə, talışına, ləzgisinə, tatına can deyək. İctimai yerlərdə bir-birimizə hörmətlə yanaşaq, salam verək, təbəssüm bəxş edək. Dilimizi, dəyərlərimizi, ədəbiyyatımızı, gəncliyimizi, sabahımızı sevək. Hər birimizin övladına doğma kimi baxaq. Özümüzə etibar etməyi bacaraq, bu etibarı qazanaq. Bizə bu ərazi babalarımızdan miras qalıb. Biz bura aidik, anlayaq. "Russkoyazichni", "anqloyazıchnı" olsaq da, heç bir dil öz dilimizdən üstün hesab olunmasın. Biz heç vaxt rus, fransız, italyan və ya ingilis üçün doğma, özününkü ola bilmərik, anlayaq. Allah xasiyyətimizi kəssin elə".

Bütün xəbərlər Facebook səhifəmizdə