Bəstəkar Nazim və Azəri qızı Günel - “Sevgi istəyirəm” FOTOSESSİYA

Keçmiş muğam ifaçısı, indi isə bəstəkar kimi tanınan Nazim tamaşaçılara möhtəşəm layihə söz verir. Türkiyədən yenicə dönən bəstəkar olanları SİA ilə bölüşüb. Onun sözlərinə görə, musiqisi özünə, sözləri Nurlana məxsus olan "Sevgi istəyirəm" adlı yeni bir mahnı ərsəyə gətirib. Məhz yeni layihə üçün qardaş ölkə Türkiyəyə üz tutan Nazimin dediyinə görə, yeni mahnının xüsusi özəlliyi var: "Mahnını Türkiyənin məşhur aranjimançısı və bəstəkarı olan Kerem Okten aranjiman edib. Yeni əsərimi isə çox sevdiyim bir sənətçi oxuyacaq. O da təbii ki, Azeri qızı Güneldir. Qeyd edim ki, mahnı artıq səsyazma studiyasında olub. Bu mahnıya klip də çəkdirməyi düşünürük. Ancaq bu barədə hələ dəqiq məlumatımız yoxdur".

Nazim həmçinin Türkiyədə keçirdiyi gözəl və maraqlı günlərdən də bizi agah edib: "Mən əslində iş üçün Türkiyəyə üz tutmuşdum. Sadəcə iş uzun çəkdiyindən 10 gün İstanbulda istirahət etmək məcburiyyətində qaldım. Yaxın dostum Günel isə məşhur müğənni Petek Dinçözün aparıcılıq etdiyi "Arım, balım, pətəyim" verilişinin qonağı oldu. Məni də özü ilə apardı. İlk sırada əyləşmişdim. Efir vaxtı isə əlimdə fotoaparat var idi. Biz Peteklə tanış olduq. Sonra Günel "Yeni səhifə"ni oxuyaraq məni təqdim etdi. Çox yaxşı qarşıladılar, utandım. Günel Peteyə yeni "Taqətim yox" mahnı haqqında məlumat verəndə, Petek mahnını oxumasını istədi. Mənə də mikrofon verdilər. Duet şəklində bu mahnını zümzümə etdik. İnanın ki bu "Yeni səhifə"dən də yaxşı qarşılandı".

Bəstəkar İstanbulda Ramazan ayının çox təntənəlı və gözəl keçməsindən də söz açıb: "Ramazan burada çox maraqlıdır. Bir sıra mərasimlərdə iştirak edirik. Demək olar ki, hər axşam haradasa gözəl bir məkanda iftar edirik. Evdə olanda isə Günel və atası möhtəşəm süfrə hazırlayırlar. Allah onlardan razı olsun. Çox qonaqpərvərdirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə