“Savalan” mistik musiqi qrupu “Dədə Qorqud” festivalında iştirak edəcək - FOTO

“Savalan” mistik musiqi qrupu “Dədə Qorqud” festivalında iştirak edəcək - FOTO
Bu günlərdə yaradılmasının 10 illiyi qeyd edən "Savalan" mistik musiqi qrupu "Dədə Qorqud" festivalına dəvət alıb. Bu bərədə SİA-ya Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib. Məlumata görə, festival oktyabrda Almaniyada keçiriləcək.

Məlumat üçün bildirək ki, "Savalan" qrupu 2000-ci ildə yaranıb. Ötən müddətdə "Savalan" qrupu Azərbaycan telekanalları ilə yanaşı, dəfələrlə Türkiyənin TRT, TGRT, STV və İraqda yayımlanan Kərkük TV-də çıxış edib, tamaşaçıların böyük rəğbətini qazanıb.

AzTV-də lentə alınan "Seyid Nigari", "Yunis Əmrə", "Nəimi", "Təbriz" televiziya filmlərində də musiqi parçalarını "Savalan" qrupu səsləndirib. 2009-cu ildə qrup ABŞ-ın Çikaqo şəhərinə səfər edib və orada "GünAz" TV-nin 4 illiyi ilə əlaqədər bir neçə konsert proqramı ilə çıxış edib.

Qeyd edək ki, qrupun repertuarında əsasən ilahilər, türkülər və bədii-musiqili kompozisiyalar üstünlük təşkil edir. "Savalan" qrupunun ən maraqlı işlərindən biri də Dövlət Yuğ Teatrının kollektivi ilə birlikdə hazırladığı teatr tamaşalarıdır. Qrup yaxın aylarda solo-konsert proqramı ilə çıxış etməklə yanaşı, CD disklərinin hazırlanması da planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə