Azərbaycanlı bəstəkar ittihamlara CAVAB VERDİ

Azərbaycanlı bəstəkar ittihamlara CAVAB VERDİ

Şair və bəstəkar Tural Bayraməliyevin ünvanına ittihamlar irəli sürülüb. Bir xanım T.Bayraməliyevin şəriki olduğunu bildirərək, bəstəkarın ondan biznes qurmaq adı ilə 405 min ABŞ dolları pul aldığını iddia edib.

Bu ittihamlara qarşı tərəf cavab verib. SİA-ya açıqlama verən Tural bunları deyib: "Həmin xanımla uzun illərdir işbirliyimiz var. Onu tikinti şirkətimdə 15 faiz rəsmi ortaqlıq müqaviləsi ilə işə dəvət etmişəm və yüksək qazanc əldə edib. Böhran zamanı şirkəti satdım. Bir müddət sonra o, yenidən mənə şərikli çalışmaq məqsədi ilə müraciət edib, "birlikdə nə iş görə bilərik, pul qazanaq?". Türkiyədə, İstanbulun mərkəzində açmağa hazırlaşdığım restoranla bağlı ona iş təklifi etdim. İki ay öncə yoldaşı ilə gəlib işin gedişatı ilə tanış olub və xeyir-duasını verib. Bir həftə qonağım olub. Mən restoranı onun qatqısı olmadan da açacaqdım. Sadəcə, təklifini qırmayıb, ortaqlığa razı oldum. Qeyd edim ki, restoranın tikinti işləri başa çatmaq üzrədir. Heç bir problem yaranmayıb və sənədlər qaydasındadır. Açılışına sayılı günlər qalıb. Həmin xanım hazırda Bakıda deyil. Ünvanıma söylədiyi əsassız fikirlərdən sonra onunla əlaqə saxladım. Dələduzluq" ağır ittihamdır. Bunu nəyə əsaslanaraq dediyinin bir sübutu olmalıdır. Lakin o, mənimlə söhbətində heç bir quruma və mətbuat işçisinə barəmdə informasiya ötürmədiyini açıqladı. Bütün yazıların əsassız olduğunu bildirdi. Əgər mətbuat orqanları istəsə, xanımla əlaqə saxlayıb, onun firkini də öyrənə bilər. İttihamın nüfuzuma zərər gətirməsini qətiyyən istəmirəm".

T.Bayraməliyevin əvvəllər Cinayət Məcəlləsinin vergi ödəməkdən yayınma maddəsi ilə məhkum olunduğu haqda da söz-söhbətlər yayılıb. Tural bu məsələyə də aydınlıq gətirib: "Heç bir vergi borcuma görə məhkumluğum olmayıb. Biznes fəaliyyətimdə bütün vergi borclarımı qəpiyinə qədər ödəmişəm. Hər hansı məhkumluqdan söhbət gedə bilməz. Dediyim hər bir sözümün arxasında durmağa hazıram".

Bütün xəbərlər Facebook səhifəmizdə