Müğənni: "Mənim mahnılarımla gəlir əldə edənlərə halal edirəm" MÜSAHİBƏ-FOTOLAR

Müğənni: "Mənim mahnılarımla gəlir əldə edənlərə halal edirəm" MÜSAHİBƏ-FOTOLAR

Meyxanaçı-müğənni Asif Məhərrəmovun müsahibəsini SİA-ya oxucularına təqdim edirik:

- Hazırda yaradıcılığınızda nə yeniliklər var?

- Yeni mahnılar yazmışam. Onları təqdim edəcəm. Bundan başqa "Bu evdə" mahnısına klip çəkdirmişəm. Hazırda klipin montaj işləri gedir. Ekran işi mən istədiyim kimi alınsa, təqdimatını edəcəm. Amma ürəyimcə olmasa, sosial şəbəkələrdə tamaşaçıların ixtiyarına verəcəm.

- Albom çıxarmağı düşünürsünüz?

- Diskimin işıq üzü görməsini istərdim. Lakin albom çıxarmaq mənə sərf etmir. Amma mahnılarımı albom halına salıb, satışa çıxarırlar. Həmin kəslərə disklərimdən əldə etdikləri gəliri halal edirəm.

- Bu fikirlə razılaşırsınızmı ki, siz daha çox sosial şəbəkələrdə məşhurlaşmısınız?

- Bu fikirlə tamamilə razılaşıram. Çünki məni insanlar efirlərdən çox sosial şəbəkələrdə görürlər. Mənim kimi bir neçə sənət yoldaşım var ki, onları da televiziya məkanlarında görmək olmur. Amma həmin ifaçılar sosial şəbəkələr vasitəsi ilə mahnılarını dinləyicilərə çatdırıb, sevdirirlər.

- Bir çox müğənnilərlə iş birliyiniz olub...

- Nazənin xanımın repertuarında olan mahnıların bir neçəsi mənə məxsusdur.

- "Gecə-gecə" mahnınızı insanlara sevdirdiniz. Bunun kimi yenidən elə bir bəstəniz varmı ki, dinləyicilər bəyənəcək?

- Sifarişlə yazdığım mahnı var. Artıq dinləyicilərin ixtiyarına verilib. "Gecə-gecə" adlı mahnım kimi dinlənilməsə də, bu bəstəm də çox sevilib.

- "Gecə-gecə" mahnınızı əməkdar artist Ədalət Şükürov və müğənni Nura Suri ifa etdi. Sizcə bu mahnı onların ifasında bəyənildi yoxsa sizin?

- Əlbəttə ki, sözügedən bəstəni mən oxuyandan sonra hamı sevdi və dinlənildi. Ədalət Şükürov "Gecə-gecə" mahnısını özünəməxsus şəkildə ifa edib. Nura xanımın ifasına tamaşaçılar qiymət versə, daha yaxşı olar.

- Nura Suri sizi tanımadığını bildirib..

- Nura xanım məni tanımasaydı, bəstəmi ifa etməzdi.

- Mərhum müğənni Şəfa Hüseynovanın "Geri dön" mahnısını oxudunuz. Sizcə, bəstə ifanızda sevildi?

- Şəfa xanımın "Geri dön" mahnısını uşaqlıq illərimdən sevib, dinləmişəm. Mən bu bəstəyə ürəyimi qoyub, fərqli yanaşmışam. Ən əsası özüm kimi oxumuşam. Heç bir müğənnini yamsılamamışam..

- Bildiyimizə görə, ailəlisiniz. Amma kifayət qədər də qız pərəstişkarlarınız var. Xanımların sizə olan simpatiyası ailə həyatınızda problem yaratmır?

- Bir qızım və bir oğlum var. Qız sevənlərimin çox olması ailəmdə problem yaratmır. Xanımım məni başa düşür və işimi qəbul edir.

Bütün xəbərlər Facebook səhifəmizdə