Kərim: "Mehribana görə mənə hədə-qorxu gəlirlər"

Kərim: "Mehribana görə mənə hədə-qorxu gəlirlər"

Müğənni Kərim Abbasovla əməkdar artist Mehriban Xanlarova arasındakı qalmaqal səngimək bilmir. SİA-nın məlumatına görə, aktrisa ifaçını yenidən məhkəməyə verərək, həbs edilməsini istəyib. K.Abbasov daxili işlər naziri Ramil Usubov və ədliyyə naziri Fikrət Məmmədova məktub ünvanlayıb.

Müğənninin məktubunu olduğu kimi təqdim edirik: "Hörmətli nazirlər, mən azad Azərbaycan Respublikasının vətəndaşıyam. Amma bəzi adamların əlindən azad yaşaya bilmirəm. Mənə hədə-qorxu gəlirlər, bezdim. Məni özümə qəsd etmək dərəcəsinə çatdırıblar. Məhkəmənin çıxardığı qərara əsasən Xanlarova Mehriban Aslan qızından sosial şəbəkədə üzr istədim. Amma bu qadın məni tutdurmaqla hədələyir. Bilmirəm, bu insanın arxasında hansı hakim durub ki, hər kəsdən məhkəmə yolu ilə istədiyi pulu alır və istədiyi insanı həbs etdirməklə hədələyir. Başa düşmürəm ki, bu qadın aktrisadır yoxsa qanun? Bu insan görün özünə necə arxayındır ki, səbəbi olmadan "səni tutduracağam" deyir. Məhkəmə yolu ilə bütün qərarları öz istədiyi kimi çıxartdırır. Mənim Azərbaycan respublikasında bəlli nüfuzum var. Bu insan mənim nüfuzumu yerə vurmaq istəyir. Axı niyə? Kim bu qadına bu ixtiyarı verib? Dövlət tədbirlərində fəal iştirak edən sənətçiyəm. Mən indiyə kimi Azərbaycan respublikasında qanun çərçivəsində yaşayan bir vətəndaş olmuşam. Amma bu qadının əlindən yaşaya bilmirəm. Mənə kömək etməyinizi rica edirəm. Mehriban Xanlarovanın etdiyi monarxiyaya son qoymağınızı xahiş edirəm".

Qeyd edək ki, aktrisa ilə müğənni arasındakı qalmaqal "Maşın" şouda başlamışdı. K.Abbasov sosial şəbəkədə M.Xanlarovanın fotosunu paylaşaraq, onun ünvanına təhqirlər yazmışdı. M.Xanlarova isə şərəf və ləyaqətini alçatdığı üçün müğənnini məhkəməyə vermişdi. Aktrisa qarşı tərəfdən təzminat və üzr istəməsini tələb etmişdi. K.Abbasov məhkəmədə M.Xanlarovaya uduzmuş və min manat təzminat ödəmişdi. Eyni zamanda K.Abbasov aktrisanı onu efirlərin birində şantaj etməkdə günahlandırıb və məhkəməyə müraciət etmişdi.

Bu yaxınlarda isə K.Abbasov aktrisanın şəklini paylaşaraq ondan üzr istəmişdi. M.Xanlarova K.Abbasovun onun açıq-saçıq fotosunu yenidən paylaşmasına əsəbiləşib. Aktrisa onu yenidən məhkəməyə verəcəyini və həbs olunmasını istəyəcəyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə