Mahsun onu tənqid edənlərə cavab verdi

Mahsun onu tənqid edənlərə cavab verdi

Rejissor, müğənni Mahsun Kırmızıgülün yeni çəkdiyi "Vəzir barmağı" filmi haqqında xoşagəlməz şayiələr gəzir. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, onun PKK ilə əlaqəsinin olduğu irəli sürülüb.

Məsələ ilə əlaqədar olaraq rejissor bütün deyilənlərə video ilə cavab verib: "Bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə haqqımda yazılanlar məni çox kədərləndirir. Mən heç zaman ortaya atılıb haqqımda gedən xəbərlərlə bağlı hay-küy salmamışam və aldığım tərbiyə də buna yol verməz. Amma artıq bu barədə bir açıqlama vermək məcburiyyətində qaldığımı anladım. Bir neçə aydır mənə əsassız yerə böhtanlar atıb, qaralamağa çalışırlar. Film hələ təqdim olunmadan onun Osmanlı dövrünü və islamı pislədiyini, onu izləməyə gələnlərin biletə verdiyi pulun Türkiyə üçün güllə şəklində PKK-ya getdiyini söyləyiblər. Belə bir yalan və böhtan ola bilərmi? Halbuki mən "PKK", "İŞİD", "FETÖ" kimi bütün terror qruplaşmalarını qınamışam, lənətləmişəm və öldürən nə varsa, onun yanında yer almamışam. İndi utanmadan deyəcəklər ki, filmi izlənsin deyə, açıqlama verir. Mən bu açıqlamanı ona görə verirəm ki, filmimə haqsız yerə 15 yaş həddi qoydular. Reklam üçün asdığımız afişalar qadağan olunub çıxarıldı. Bəzi bələdiyyələr tərəfindən filmimə senzura qoyuldu. Hər cür qaralama və böhtan kompaniyaları aparıldı və mənə "Vətən xaini" damğası vurdular. Bunu deyənlər alçaqdır. Mənə bu böhtanları atan namussuz, şərəfsiz, əxlaqsızların acığına bundan sonra həyata keçirəcəyim layihələrimlə bu ölkə üçün xidmət etməyə davam edəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə