Gülnarə Xəlilova Türk dünyasının dəb gecəsində FOTOLAR

Gülnarə Xəlilova Türk dünyasının dəb gecəsində FOTOLAR

Bakıdakı "Fairmont Hotel"də Bakı Yunus Əmrə İnstitutu, Ankara Olqunlaşma İnstitutu, Gülnarə Xəlilovanın Moda Evi və Qazaxıstanın Qadın Moda Agentliyinin təşkil etdiyi "Ənənələrdən müasirliyədək" adlı Türk qadın geyiminin nümayişi keçirilib. SİA-nın məlumatına görə, tədbirə görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət və incəsənət nümayəndələri qatılıblar.

Tədbirin açılışında çıxış edən Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım və Milli Məclisin deputatı Qənirə Paşayeva layihəyə yüksək qiymət verərək türk milli dəyərlərinin qorunması və təbliğinin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, türk dünyasının tanınmış dizaynerlərinin iştirakı ilə keçirilən belə tədbirlər mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsinə, eləcə də milli geyimin təbliğatına xidmət edir. Gecədə Azərbaycanın, Qazaxıstanın, Türkiyənin və Qırğızıstanın tanınmış dizaynerlərin kolleksiyaları nümayiş olunub.

Dəfiləni Gülnarə Xəlilovanın Mili Geyim Mərkəzinin Azərbaycanın milli dəyərlərini üzə çıxaran rəngarəng geyimlərdən ibarət kolleksiyası açıb. Bu kolleksiya Bakı I Avropa Oyunları ərəfəsində Londonda təqdim edilib. Maraqlıdır ki, kolleksiyanın əsas modeli Gülnarə Xəlilovanın özü olub.

Nümayişdən öncə tədbirin aparıcısı Hüsniyə Məhərrəmova qeyd edib ki, Gülnarə Xəlilova Azərbaycanı beynəlxalq tədbirlərdə dəfələrlə uğurla təmsil edib və ölkədə Milli Geyim Gününün təsis edilməsi ideyası ona məxsusdur.

Defile Gülnarə Xəlilovanın "Xalçaların dili" adlı kolleksiyasının nümayişi ilə başa çatıb. Azərbaycanın xalça ornamentlərindən istifadə edilmiş müasir dizayn həlli olan "Xalçaların dili" kolleksiyası bu yaxınlarda Rumıniyada "Creative Industries Awards" ali mükafatına layiq görülüb. Gülnarə Xəlilova yenidən tamaşaçıların qarşısına əsas model kimi çıxıb.

Möhtəşəm kolleksiyanın nümayişi zaldakı tamaşaçıların gur alqışları ilə müşayiət olunub.

Gecənin sonunda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev təqdim edilmiş kolleksiyalara heyran qaldığını bildirib, dizaynerlərə plaketlər, tədbirə dəstək göstərən qurumlara isə təşəkkür diplomları təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə