"Bir az möhlət ver Allah..." adlı klipin təqdimatı keçirilib SƏS TV

"Bir az möhlət ver Allah..." adlı klipin təqdimatı keçirilib SƏS TV

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Bir az möhlət ver Allah..." adlı klipin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə layihə rəhbərləri Əflatun Amaşov və Bəxtiyar Qaraca, xalq artistləri Nurəddin Mehdixanlı və Alim Qasımov, xanəndə Fəridə Mirişova, rejissor Murad Muradov, Paralimpiya çempionu İlham Zəkiyev, bəstəkar Tahir Əkbər və başqaları iştirak edib.

İlk olaraq "Bir az möhlət ver Allah.." klipi nümayiş olunub.

Tədbiri giriş sözü ilə layihə rəhbəri Əflatun Amaşov açıb:" "Bir az möhlət ver Allah..." klipi olduqca maraqlıdır. Bəstəni xalq artisti Alim Qasımov və xanəndə Fəridə Mirişova oxuyub. Klipdəki şeiri xalq artisti Nurəddin Mehdixanlı səsləndirib. Mahnının sözləri Sona Vəliyeva, musiqisi Fəridə xanımın özünə aiddir. Mahnının sözlərinə uyğun olaraq insanlara möhlət verək. Onları öldürməyə tələsməyin. Şeirin sözlərində bəşəriyyətlik var. Ekran işində dəvə var. Qurani-Kərimdə buyurulub ki, dəvəni kəsmək olmaz. Eyni zamanda Şuşanı və Xocalını xatırladan kadrlar gördük. Xalq artisti Nurəddin Mehdixanlının səsi klipdə lap yerinə düşüb. Nurəddin müəllimin səsində həqiqət var. O, əsərin böyüklüyünü bir daha səsi ilə təsdiq edib".

Mərasimdə çıxış edən xanəndə Fəridə Mirişova "Bir az möhlət ver Allah.." klipində ona dəstək olan müəllimi Alim Qasımova təşəkkürünü bildirib:"Bu klipdə böyük məna var. Dinindən, irqindən asılı olmayaraq hər kəs Allahdan möhlət istəyir. Şeirin möhtəşəmliyi musiqi ilə tamamlanıb. Gözəl bir sənət əsəri yaranıb. Çox həyəcanlıyam. Klipin bütün yaradıcı heyətinə təşəkkür edirəm. Bu işdə mənə dəstək olan müəllimim Alim Qasımova təşəkkür edirəm".

Xalq artisti Alim Qasımov da klip haqqında fikirlərini bildirib:" Musiqi zövqlə bağlıdır. Sona xanım hər zaman gözəl şeirlər yazaraq, biz sənətçilərə təqdim etsin. Böyük məmnuniyyətlə oxuyaq. Ekran işinin yaradıcı heyətinə uğurlar arzu edirəm".

Bəstəkar Tahir Əkbər " Bir az möhlət ver Allah.." klipində çəkilən idmançı İlham Zəkiyevin ünvanına xoş sözlər deyib:" Ekran işindəki İlham Zəkiyev Azərbaycan kişisinə məxsus olan insandır. Hətta ona aid bəstə yazacam. Mən onunla fəxr edirəm. Qaldı ki, klipə olduqca gözəldir. Hər kəsə uğurlar arzu edirəm".

Tədbirdə çıxış edən Paralimpiya çempionu İlham Zəkiyev sözügedən klipdə çəkildiyi üçün qürur duyduğunu bildirib:" " Bir az izin ver Allah..." klipi dərin mənalıdır. Belə işlər çox olsun. Ekran işinin yaradıcı heyətinə uğurlar arzulayıram".

Xalq artisti Nurəddin Mehdixanlı klip çəkilişi zamanı bir çox əziyyətlərlə qarşılaşdığını bildirib:" Klipin layihə rəhbəri olan Bəxtiyar Qaraca ilə birinci işim deyil. Bu layihədə rol almağımı təklif edəndə böyük məmnuniyyətlə qəbul etdim. Hər şey sözlə başlayır. Söz tutumlu olanda insanlara təsir edir. Bu klipdə sözün və musiqinin vəhdətini gördük. Çəkilişlər Yanardağda baş tutub. Çəkiliş prosesi çox çətin idi. Şaxta idi. Nazik paltarda üşüyürdük. Şaxtada bu cür əziyyət çəkirəmsə, deməli millətimə və sənətimə xidmət edirəm. Bu yolu tutan hər kəsin Allah köməyi olsun. Hamını təbrik edirəm".

Qeyd edək ki, tədbir "Bir az izin ver Allahım.." klipinə yenidən nümayişi ilə bitib.

Bütün xəbərlər Facebook səhifəmizdə