"12 yaşlı Fərəh bilməyib ki..."

Saytların yazdığı məlumata görə, axşam saatlarında Badamdar qəsəbəsində yaşayan 2004-cü il təvəllüdlü Əhmədova Fərəh Qadir qızı dərmandan zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Huşsuz vəziyyətdə xəstəxanaya daxil olan qız 3 saat sonra vəfat edib. O, xərçəng xəstəsi olan xalasının və şəkərli diabet xəstəliyindən əziyyət çəkən nənəsinin dərmanlarını qəbul edib.

Məsələ ilə əlaqədar olaraq psixoloq Dəyanət Rzayevin fikirlərini öyrəndik. O, SİA-ya açıqlaması zamanı böyüklərin dərmanları xüsusi yerlərdə saxlanılmasını məsləhət gördü: "12 yaşlı Fərəhin belə bir addım atmasına səbəb xalası və nənəsinin hərəkətlərini təkrar etməsi olub. O, özünü böyükləri kimi aparmaq istəyib. Yaşı az olan qızcığaz bilməliyib ki, dərman içdikdən sonra ölürlər. Ona görə hər bir valideyn xəstəliklərini övladlarından gizlətməməlidirlər. Fərəhin xalası və nənəsi də xəstə olduqlarını söyləyərək, ona izah etməli idilər. Onu da qeyd edim ki, dərmanlar xüsusi yerlərdə saxlanılmalıdır".

Fərəh müğənni-bəstəkar Murad Arifin bibisi nəvəsi imiş. Murad bu haqda sosial şəbəkədə fikirlərini yazıb: "12 yaşlı Fərəh uçub getdi. Məyusluq, boşluq və hüzn içindəyəm. Yer üzündən bir mələk əskildi. Valideynlərindən heç bir irad, töhmət almayıb. Özü təhsilində prinsipli imiş. O yaşda haqsızlığa hər kəs adekvat münasibət göstərə bilmir. Kimisə qınamaq da olmur. Qismət, qədər. Ananın yeganə balası".

Qeyd edək ki, dərman içərək dünyasını dəyişən Fərəh eyni zamanda publisist Oqtay Əliyevin qohumudur.

Bütün xəbərlər Facebook səhifəmizdə