"Müğənnilər onları tənqid edənlərə qarşı qoçuluq etməsinlər" AÇIQLAMA

"Müğənnilər onları tənqid edənlərə qarşı qoçuluq etməsinlər" AÇIQLAMA

Müğənnilərin ağrılı yeridir ki, onları sosial şəbəkələrdə tənqid və təhqir edirlər. Bəzi ifaçılar var ki, həmin kəslərin cavabını hüquq-mühafizə orqanları ilə veririlər. Elələri də var ki, öz əsəblərini ortaya qoyurlar. Məsələ ilə əlaqədar olaraq hüquqşünas Ruslan Əhmədoğlunun fikirlərini öyrəndik.

Hüquqşünas SİA-ya bunları dedi: "İstər tanınmış, istərsə də adi insanlar təhqir olunurlarsa, mütləq hüquq-mühafizə orqanları müraciət etməlidirlər. Onlara kömək etməyə hazırıq. Hər kəs danışığına və yazdığına görə məsuliyyət daşıyır. Bir insanın təhqir olunması yolverilməzdir. Əksər hallarda müğənnilər, tanınmış şəxslər məsələnin hüquqi tərəfdən həllindən çəkinirlər. Söyüşə və təhqirə görə cinayət məsuliyyətinə cəlb olunma qanuni haldır. Xarici ölkələrdən fərqli olaraq Azərbaycan qanunvericiliyində mülki məsələdə mənəvi ziyan kimi istənilən təzminatlar bir az qanun tərəfindən zəif formada tənzimlənir. Çünki xaricdə bu kimi hallarda təzminat yüz minlərlə ABŞ dolları ilə tənzimlənirsə, bizdə hakimlərimiz bunu 10 min manata qədər təmin edir. Praktika göstərir ki, ən yüksək təzminat İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva qalmaqalında tələb olunub. O da 25 min manatdır. Qanunda təhqir, söyüşlərə görə cəzalar daha da sərtləşdirilsə, hər kəs öz dilinə yiyəlik edəcək və ən azından biləcək ki, ən yaxşı halda bir xeyli təzminat ödəyəcək və ya həbs olunacaq. Tanınmış şəxslərə, müğənnilərə məsləhətim odur ki, heç nədən çəkinməsinlər. Onları təhqir edənləri kafeyə çağırmaq və hansısa qoçular vasitəsilə onları qorxutmaqdansa, hüquq-mühafizə orqanlarına müraciət etsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə