Əməkdar artist: "Mahnımın pis ifa edilməsi mənə hörmətsizlikdir" MÜSAHİBƏ
Əməkdar artist Baloğlan Əşrəfovun müsahibəsini SİA-ya oxucularına təqdim edirik:
-Yaradıcılığınızda hansı yenilikləri edəcəksiniz?
-Konsert verməyi düşünürəm. Eyni zamanda illər öncə səsləndirdiyim bəstələri yenidən aranjiman etdirəcəm.
-Zamanında sizin "Nədəndir" mahnınızı ifa edən türkiyəli müğənni Sərdar Ortaç Bakıya gələcək. Onunla duet oxumaq istərdinizmi?
-Bu haqda düşünməmişəm. Sərdar Ortaç bir müddət öncə Azərbaycanda konsert vermişdi. Həmin konsert zamanı məni səhnəyə dəvət etdi və bildirdi ki, bir neçə bəstələrimə müraciət etmək istəyir. Mən də ona halallıq verdim.
-Baloğlan müəllim, sizin mahnılarınıza yerli müğənnilər də müraciət edir. Buna münasibətiniz necədir?
-Heç vaxt hanısısa ifaçıya bildirməmişəm ki, bəstəmi səsləndirsin. Əgər sənətçilər mahnımı oxuyursa, hörmətlə yanaşıram və qarşılığında heç nə gözləmirəm. Amma həmkarlarımdan hər zaman xahiş edirəm ki, bəstəmi bacarırsınızsa, məndən yaxşı oxuyun. Mən də fəxr edim. Lakin sənətçilər mahnımı məndən pis ifa edəcəklərsə, bu mənə qarşı hörmətsizlikdir.
-Gənc ifaçılara nəyi irad bildirərdiniz?
-Şou-biznesdə olan bütün müğənnilərə bir tövsiyəm var. Oxuduqları mahnının sözlərinə hər zaman hörmətlə yanaşsınlar. Bəstənin sözləri bəsit olmasın. Bilirəm ki, əksər müğənnillərimiz gözəl səsləri var. Yəni çətin bəstənin öhdəsindən gələ bilərlər. İnsanlara bədii zövq aşılasınlar. Cızma-qara işlərin arxasınca düşməsinlər.
-Həmkarlarınızla münasibətiniz necədir?
-Müğənnilərlə münasibətim olduqca yaxşıdır. Heç biri ilə problemim yoxdur. Hamıya hörmətim var. Janrdan asılı olmayaraq, bütün müğənnilər də mənim xətrimi istəyir. Çünki bu vaxtadək heç bir ifaçını acılamamışam. Kiməsə də nəsə deyəndə məsləhət vermişəm.
-Ramazan ayı olduğu üçün oruc tutmusunuz?
-Allah oruc tutanların orucunu qəbul eləsin. Bu ay müqəddəsdir. Amma bəzi müsəlman bacı, qardaşlarımız var ki, səhhəti ilə bağlı oruc tuta bilmir. Eyni zamanda mən də oruc saxlaya bilmədim. Çünki səhhətimdə bir sıra problemlər var. Amma qədr gecələrində kasıb insanlara iftar sufrəsi açacam.
-Bu mövsüm istirahət etməyi düşünürsünüz?
-Bəli, bir neçə günə rayona, anamın yanına gedəcəm. Onu ziyarət edib, halını-əhvalını soruşacam. Anam nasazlayıb. Masallıda "İstisu" istirahət mərkəzi var. Həmin məkana gedib, dincələcəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB