Rəşad Kəsəmənli: "Rejissorlarımız aktyor və aktrisaları küçədən yığırlar" MÜSAHİBƏ
Şair-aktyor Rəşad Kəsəmənlinin müsahibəsini SİA-ya oxucularına təqdim edirik:
-Yaradıcılığınızda hansı yeniliklər var?
-Yeni serial təklifi almışam. Belə ki, sentyabr ayında kanalların birində yayımlanan ekran işində rol alacam. Hələ ki, serial üçün çəkilişlər başlamayıb. Danışıqlar gedir.
-Sizi seriallarla yanaşı klip çəkilişlərində də görürük. Müğənnilərdən sizə belə təklif varmı?
-Xeyir, hələ ki, klipdə oynamaq üçün dəvət almamışam. Bundan sonra hansısa ekran işində rol alsam, seçəcəm. Çünki səviyyəli insanlarla iş ərsəyə gətirmək istəyirəm.
-Yeni çəkilən serilların səviyyəsindən razısınızmı?
-Rejissorlar bəzi seriallarımızda yoldan keçən insanları, tanışlarını çəkirlər. Seriallarda cəmi 7-8 aktyor var. Qalanlarını küçədən yığırlar. Hansı ki, serialda aktyor çoxdur. Həmin ekran işinin reytinqi yüksək olur. Müğənnini, idmançını belə seriala dəvət edirlər. Həmin insanlarda özlərinə aktyor, aktrisa adını verir. Hər çəkilişdə olan insanı belə adlandırmaq olmaz. Sözügedən kəslər aktyor sözünün a hərfinə belə layiq deyillər. Aktyor olmayanlara ən azı 3-4 ay kurs keçirilməlidir. O zaman Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakultəsini bağlayaq. Bu cür səbəblar olduğuna görə bizdə serialların səviyyəsi o qədər də qənaətbəxş deyil.
-Aktyorların işlərindən necə, razısınız?
-Əgər söhbət əsl aktyordan gedirsə, bəlkə də onların bacarıqlarını bəyənərəm. Bizim aktyor qıtlığımız yoxdur. Sadəcə olaraq, üzə çıxarmaq lazımdır. Aktyorlarımızı teatrlara gedib, tamaşalardan seçib, bəyənməliyik.
-Aktyor və aktrisa olmaq üçün mütləq görkəm olmalıdır?
-Dünyada o qədər çirkin aktyor və aktrisalar var. Aktyor və aktrisa olmaq üçün gözəllik lazım deyil. Amma bizim bəzi rejissorlarımız gözəl qız görən kimi baş rola çəkirlər. Yəni baş rol bu qədərmi ucuzlaşıb? Kütləvi şəkildə maarifləndirmə işləri getməlidir ki, tamaşaçı pisi yaxşıdan seçə bilsin.
-Teatrlarda çalışan aktyorlarımız seriallarda oynayanda bir o qədərdə uğurlu olmur. Bu sizcədəmi belədir?
-Bu fikirlə tamamilə razılaşıram. Çünki teatr daha çox şişirdilməni sevir, film isə tam əksinə sadəliyi xoşlayır. Yəni təbii olmalısan. Teatr aktyoru olmaq gözəldir. Amma serialda rol alanda dərhal aktyor dəyişilməlidir. Seriala uyğunlaşmalıdır.
-Şair kimi də qabilliyətiniz var. Hazırda hansı müğənnilərlə iş birliyi qurmusunuz?
-Zamanında müğənni İradə İbrahimovanın səsləndirdiyi "Sevgi mesajı"adlı bəstəm "İlin mahnısı" seçildi. Mənim yazdığım şeirlərə müğənnilərdən Ceyhun Neymətov və bir çoxları mahnılar bəstələtdirərək ifa ediblər. Onu da qeyd edim ki, indiki dövrdə şair müğənniyə yalvarır, hətta üstündə pul verir ki, müğənni onun mahnısını oxusun. Mən isə belə bir xasiyyətə malik adam deyiləm. Hazırda 2-3 yeni yazdığım şeirlər var. Onları nəzərdə tutduğum müğənnilərə göstərəcəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB