Müğənni, aktyor, şoumen Eldar Bağırbəyovun "Bakısız bacarmıram" mahnısına çəkilmiş ilk klipinin təqdimatı keçirilib. Musiqinin müəllifi Alik Həsənovdur, sözləri isə Eldar Bağırbəyovla müştərək yazılıb.
Klip "Zaratustrafilm" şirkəti tərəfindən çəkilib, klipin ssenari müəllifi və rejissoru Rəhman Rafiqoğlu, operatoru Əli Sultanov, montajçısı Xanlar Ağayev, baş prodüseri isə Murad Məhərrəmlidir.
Klipin çəkilişlərində tanınmış aktyorlar - xalq artisti Məbud Məhərrəmov, əməkdar artist Yevgeniya Nevmerjitskaya, həmçinin Bakı Slavyan Universitetinin prorektoru, akademik Rafiq Novruzov iştirak ediblər.
Təbirdə layihənin baş prodüseri Murad Məhərrəmli bildirib ki, Bakı həmişə çoxmillətli şəhər olub və klipin ölkəmizdə Multikulturalizm İli elan edildiyi 2016-cü ildə təqdim edilməsi də əlamətdar haldır: "Fəxr edirəm ki, Azərbaycanda işləmək istəyən və işləyə bilən belə istedadlı insanlar var. Prodüser kimi Eldardan çox razıyam. Səbəbkarla gələcəkdə əməkdaşlığı davam etdirmək və film çəkmək fikrindəyik".
Kino sahəsində ssenari müəllifi və rejissor kimi tanınan Rəhman Rafiqoğlu da fikirlərini bölüşüb: "Ssenarini mən yazmışam. Biz bu klipə qısametrajlı film kimi yanaşdıq. İşimizdə köhnə Bakının dövrünü tam çatdırmağa çalışdıq".
Mərasimdə söz alan "Zaratustrafilm" kino şirkətinin baş direktoru Aliyə Novruzova ekran işini çox bəyəndiyini dilə gətirib: "Klipdə və mahnıda toxunulan mövzu mənə çox yaxındır və əlbəttə ki, həyəcanlı hisslər doğurur. Bütün obrazlar klipdə çox yaxşı işlənib, Rəhman Rafiqoğlu Allahın verdiyi dramaturqdur".
Daha sonra bütün qonaqlar klipin təntənəli təqdimat mərasiminin keçirildiyi zala dəvət olunublar.
Eldar Bağırbəyov gecənin qonaqlarına minnətdarlığını bildirib. Eldar Bağırbəyov bildirib ki, klipin ideyası köhnə Bakının necə olduğu barədə bəhs etmək və yeni şəhərin yeni görkəmini göstərməkdir: "Mən anadan olduğum və yaşadığım şəhərimi dəlicəsinə sevirəm. Ekran işinə əsas vəzifəmiz burada yaşamış və yaşayan insanlar, şəhəri tərk etsə də dərin nostalji hisslər keçirən insanlar haqqında danışmaqdır. Mən nəsillərin dəyişməsinə baxmayaraq, şəhərimizin ənənələrinin qorunmasını və gələcək nəsillərə ötürülməsini çox istəyirəm. Mahnıda bu barədə də danışılır. Klip bakılılara, şəhərimizə gələnlərə və onu tərk etsə də darıxanalara müraciətdir.Yeni işimi Moskvada da təqdim etməyi planlaşdırıram".
Qeyd edək ki, tamaşaçılar klipi alqışlarla qarşılayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB