"Eurovision 2016"nın II yarımfinal mərhələsi baş tutub. SİA-nın verdiyi xəbərə görə, müsabiqə, aparıcılar Petra Mede və Mons Selmerlövun maraqlı performansı ilə başlayıb. Avropa Yayım Birliyi tərəfindən Belarus təmsilçisi İvanın çılpaq şəkildə canavarlarla birlikdə səhnəyə çıxmasına icazə verilməyib. Lakin ifaçının arzusu xüsusi səhnə qrafikası ilə gerçəkləşib. Belə ki, aparcılardan biri - Mons Selmerlöv müğənnin çıxışı bitən kimi səhnədə bir neçə saniyəlik yarıçılpaq şəkildə, əlində oyuncaq canavarla görünüb. Bu isə "Globen Arena"da maraqla qarşılanıb.
İkinci yarımfinal mərhələsində 18 ölkə - Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstraliya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya, Belçikanın təmsilçiləri finala keçmək uğrunda mübarizə aparıb.
Çıxışlardan sonra keçirilən 15 dəqiqəlik səsvermənin nəticələrinə əsasən, finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb.
"Eurovision 2016"nın II yarımfinalından finala vəsiqə qazanan ölkələrin siyahısı:
1. Latviya
2. Gürcüstan
3. Bolqarıstan
4. Avstraliya
5. Ukrayna
6. Serbiya
7. Polşa
8. İsrail
9. Litva
10. Belçika
Finala vəsiqə qazanmış təmsilçilər canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən ölkələrin mayın 14-də çıxış ardıcıllığı müəyyən olunacaq.
Nəzərinizə çatdıraq ki, finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi İsveç və "böyük beşlik" ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya, Böyük Britaniyadır.
Qeyd edək ki, Azərbaycanı "Eurovision-2016" mahnı müsabiqəsində "Miracle" mahnısı ilə təmsil edən Səmra Rəhimli mayın 10-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi "Eurovision" finalının birinci hissəsində çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB