Flora Kərimova və Rövşən Civişov yeni kliplərini təqdim etdilər FOTOLAR
Xalq artisti Flora Kərimova və müğənni Rövşən Civişov bir araya gəlib. SİA-nın verdiyi xəbərə görə, ifaçılar "Bu sevgiyə dözüm yox" adlı mahnılarını ekranlaşdıraraq mətbuat konfransı keçiriblər.
Mərasimdə xalq artistləri Flora Kərimova, Məleykə Əsədova, müğənnilər Kərim Abbasov, Vasif Məhərrəmli, aparıcı Lətafət Ələkbərova, klipin rejissoru Türkay Azəri, bəstəkar Arif Səlimov iştirak edib.
Konfransı giriş sözü ilə açan xalq artisti yeni klip haqqında danışıb: "Rövşən Civişovla "Bu sevgiyə dözüm yox" adlı bəstəni 2010-cu ildə lentə aldırmışdıq. Lakin bəzi maneələr olduğu üçün mahnını ekranlaşdıra bilmirdik. Nəhayət, arzumuza çatdıq. Ekran işində Rövşən və məndən başqa qızım Zümrüd də rol alıb. Övladımla məni eyni klipdə çəkdiyi üçün rejissor Türkaya təşəkkür edirəm. Klipdə fərqli imicdəyəm. Belə ki, stilist Anar Ağakişiyev 4 saat üzərimdə əziyyət çəkib. Bildiyiniz kimi, aksesuar taxmağı sevmirəm. Ancaq ekran işində məcburən aksesuarlardan istifadə etdim".
Tədbirdə Rövşən Civişov da söz alaraq, ekran işi haqqında danışıb: " "Bu sevgiyə dözüm yox" adlı yeni klipimiz çox çətinliklə ərsəyə gəldi. 6 ildir ki, sözügedən mahnını ekranlaşdıra bilmirdik. Ümid edirəm ki, uğurlu layihə olacaq və hər kəs tərəfindən bəyəniləcək".
Mərasimə səbəbkarlara dəstək üçün gələn müğənni Vasif Məhərəmli klipi bəyəndiyini söyləyib: "Flora Kərimova haqqında fikir bildirmək həddimə deyil. Amma söyləmək istərdim ki, gözəl iş alınıb. Rejissor Türkay Azəri də klipi yaxşı çəkib. Flora xanımın qızı da həqiqətən aktrisadır. Onu Azərbaycan rejissorları seriallara çəkmək istəyir. Xüsusi ilə qeyd edim ki, F.Kərimovanın ekran işindəki imicinə görə, stilist Anar Ağakişiyevə təşəkkür düşür. Çünki xalq artistimizin üzərində gözəl işləyib".
Konfransda çıxış edən rejissor Türkay Azəri ekran işinin ərsəyə gələrkən hansı çətinliklərlə üzləşdiyini də vurğulayıb: "22 nəfərdən peşəkar heyətin əziyyət çəkdiyi layihənin ideyası "Ömrün qatarına gecikən xoşbəxt olmur"dur. Biz klipi çəkərkən hava çox soyuq idi. Flora xanım üşüyürdü. Lakin buna baxmayaraq, bizə çox yardımçı oldu. Ekran işi xarabaxanalıqda çəkilib. Klipə Rövşən Civişov tərəfindən xeyli miqdarda vəsait ödənilib. Fikrimcə, maraqlı iş alınıb".
Nəzərinizə çatdıraq ki, "Bu sevgiyə dözüm yox" adlı mahnının sözləri Gülağa Tənhaya, musiqisi Arif Səlimova məxsusdur.
Qeyd edək ki, tədbirin sonunda jurnalistlərin sualları cavablandırılaraq tort kəsilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB