Müğənnidən örnək addım

Aprelin 12-də Xəzər rayonu 26 saylı orta məktəbin şagirdləri üçün Vahid Mustafayevin "Qanlı Yanvar" filmi nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, nümayişin təşkilatçısı, müğənni İlahə Fəda bildirib ki, son günlər cəbhə xəttində yaşananlar hər birimizə təsir edib: "Mən də bir qarabağlı, laçınlı kimi belə məqamda hansısa təşəbbüslə çıxış etməyi özümə borc bildim. Düşündüm ki, müğənni təkcə səsi ilə deyil, digər sahədə də vətəninə xidmət etməyi bacarmalıdır. Buna görə də, vaxtilə təhsil aldığım məktəbin şagirdlərində vətənpərvərlik hissini daha da yüksəltmək məqsədilə, belə bir tədbiri reallaşdırmağı düşündüm. Bu gün məktəbə və nümayişə şərait yaradan kino mərkəzinə və məktəbin direktoruna təşəkkürümü bildirirəm".

Qəhrəman əsgər və zabitlərimizin cəbhədə göstərdiyi rəşadətdən danışan müğənni qeyd edib ki, bu, bir vətəndaş kimi hamımızı qürurlandırıb: "Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Allah şəhidlərimizin yaxınlarına səbr versin! Müharibə itkisiz olmur. Bütün olanlara baxmayaraq, bir daha əmin olduq ki, arxamızda güclü ordumuz və mərd oğullarımız var. Biz ordumuzla, dövlətimizlə birlikdəyik".

Qeyd edək ki, filmin nümayişindən əvvəl şagirdlər əllərində Azərbaycan bayraqları ilə vətənpərvərlik ruhunda şeirlər və şüarlar söyləyərək, böyüməkdə olan nəslin də yurdumuzun tarixinə və taleyinə biganə olmadığını bir daha sübut ediblər.

Yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə şagirdlər son hadisələrlə bağlı fikirlərini həmyaşıdları ilə bölüşüblər. Məktəbin müəllim heyəti ilə müzakirələr zamanı şagirdlər "Biz sabahın əsgərləriyik və lazım gələrsə, bu gün də ordumuza bacardığımız qədər kömək etməyə, döyüşməyə hazırıq" deyiblər.

Sonra "Qanlı Yanvar" filmi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə