Nadir: "Haqqımda artıq-əskik danışanlara ağıl diləyirəm"

Müğənni Nadir Qafarzadə onu tənqid atəşinə tutanlara ismarıc göndərib. SİA-nın verdiyi xəbərə görə, ifaçı bunları deyib: "İlk öncə onu deyim ki, Allah şəhidlərimizin ruhunu şad etsin. Vətənimin başı sağ olsun. Şəhidlər ölmürlər, əbədiyyətə qovuşurlar. Azərbaycan əsgərinin hansı gücə qadir olduğunu bütün dünya bilir. Onların sayəsində evimizdə rahat yatırıq. Elə bir neçə gün öncə həmkarlarımla birgə cəbhə bölgələrinə yollanaraq onlara baş çəkdik. Amma bizim bu addımımızı tənqid atəşinə tutdular, qınadılar. Bizi qınayanlara, təhqir edənlərə demək istəyirəm ki, biz müğənniyik, silahımız mikrofondur.

Deyirlər ki, şəhidlərin 40 mərasimi çıxmadan öncə cəbhə bölgələrində konsert verirlər, toy-bayram edirlər. Bu nə düşüncədir? Axı bu toy-bayram deyil. Bir az məntiqlə, savadlı düşünsək, ötən illərə nəzər salsaq, görərik ki, 1941-1945-ci illərdə Azərbaycanının tanınmış sənətkarları Şövkət Ələkbərova, Gülağa Məmmədov, Sara Qədimova və digərləri də əsgərlər önündə konsertlər veriblər. Hətta "Əsgər atası" filminə baxsaq, görərik ki, bu cür hallar filmlərdə də var. Biz müğənniləri cəbhə xəttinə məcburi göndərməyiblər. Ürəkdən istəyib, könüllü getmişik.

Cəbhə xəttinə gedərək, toy bayram etdiyimizi söyləyənlərə demək istəyirəm ki, boş-boş danışmaq əvəzinə, siz də bizim kimi oralara gedin və qayıdın. Amma gedin, görüm sizdə də bu cür cəsarət varmı? Biz getdiyimiz yerə, hər oğul ürək edib getmir. Barəmdə artıq əskik-danışanlara sadəcə Allahdan ağıl diləyirəm. Bu günlərdə boş-boşuna danışmaq əvəzinə, mehriban olun. Çünki bizi dünya izləyir.

Düşmənimizi sevindirməyək. Vətən sevgisində reklam olmur. Bu reklamdırsa, eybi yoxdur, bizi qınayanlar siz də cəbhə bölgəsinə gedin".

Bütün xəbərlər Facebook səhifəmizdə