Məşhurlarımız əsgərlərə belə dəstək oldu FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrə dəstək nümayiş etdirmək məqsədilə Müdafiə Nazirliyinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət keçən əsgərlər üçün bir qrup incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, konsert proqramının açılışında hərbi hissənin əsgər və zabitləri adından çıxış edən şəxsi heyət üzrə komandir müavini Namiq Cavadov Azəbaycan odusunun yüksək hazırlıq səviyyəsində və böyük ruh yüksəkliyində olduğunu vurğulayıb.

Qeyd edib ki, qarşınızda duran bu əsgər və zabitlər baş vermiş məlum erməni təxribatının qarşısını almaq üçün mərdliklə döyüşüb, düşmənin çoxlu sayda canlı qüvvəsini, hərbi texnikasını məhv edib və işğal altında olan strateji məntəqələrin azad olunmasında layiqincə vuruşublar. Namiq Cavadov həmçinin, konsertin təşkil olunmasına görə, Mədəniyyət və Turizm Nazirliyinə, eyni zamanda nümayiş etdirdikləri həmrəyliyə görə isə bütün ölkə əhalisinə öz minnətdarlığını ifadə edib.

Musiqiçilərimiz də son günlər cəbhədə baş verən erməni təxribatının qarşısını alan və düşmənə layiqli cavab verən Silahlı Qüvvələrin əsgər və zabitləri önündə çıxış etməkdən qürur hissi keçirdiklərini bildiriblər. Bu günlərdə bütün ölkə əhalisinin ordumuz ilə həmrəy olduğunu qeyd edərək, mədəniyyət işçilərinin də əsgərlər qarşısında çıxış etmələrinə borclu olduğunu vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan Ordusuna dəstək nümayiş olunan konsert proqramında Ayaz Qasımov, Sevil və Sevinc bacıları, Nadir Qafarzadə, Rəqsanə İsmayılova, Kərim Abbasov, Yaşar Yusub, Rahidə Baxışova, Zemfira İbrahimova vətənpərvər milli musiqilər ifa ediblər. Həmçinin, əməkdar artist Səbuhi İbayevin ifasında xalq mahnıları, muğam və təsniflər səsləndirilib. Onu tarda Rövşən Qurbanov və kamançada Ceyhun Murdov müşayiət ediblər. Rəqqasə Fatimə Fətəliyevanın təqdim etdiyi milli rəqs nümunələri konsert proqramına daha da rəng qatıb.

Yüksək əhval-ruhiyyədə olan əsgərlər incəsənət ustaları ilə birlikdə rəqs ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...