Meyxanaçılarımıza Rusiyada basqın edildi

Mətbuatda xəbər yayılıb ki, Rusiyaya səfərləri zamanı meyxanaçılar İntiqam və Ehtiram qardaşları, Nicat Mənalının iştirak etdiyi məclisə xüsusi əməliyyat əsasında Rusiya Federal Təhlükəsizik Xidmətinin əməkdaşları basqın edib. SİA-nın verdiyi xəbərə görə, məsələ haqda meyxanaçı Nicat Mənalı münasibət bildirib: "RFTX əməkdaşları məni, İntiqam və Ehtiram qardaşlarını şifahi dindirdilər. Bizi sorğu-sual etdilər. Sənətçi olduğumuzu və məclisdə qonaq qismində iştirak etdiyimizi bildikdən sonra sərbəst buraxdılar. Bizə hörmətlə yanaşdılar. Onlar bizə aidiyyatı olmayan başqa iş üçün gəlmişdilər. İşlərini gördülər və çıxıb getdilər."

"Tanınmış azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski ilə dostsunuz və yaxud sizin onunla nə kimi münasibətiniz var?" sualına N.Mənalı belə cavab verib:"Rövşən Lənkəranskini xalqımızın tanınmış oğludur. Onu Rusiyada yaşayan azərbaycanlılara dəstək olan insan kimi tanıyıram. Ona görə də Rövşən üçün qəlbimdən gələn "Oğru Rövşən" adlı mahnı da bəstələmişəm. Onu da deyim ki, hansısa tanınmış avtoritetin məclisi olduğunu bilmirdim və belə bir hadisənin baş verəcəyini gözləmirdim. Dəvət almışdıq, məclisə qatılmışdıq. Təsadüfən belə bir hadisə baş verdi."

Qeyd edək ki, hadisə barədə Rusiyanın xəbər agentlikləri də məlumat yayıb. Məlumatlarda polisin kriminal avtoritetlərin yığıncağına müdaxilə etdiyi iddia olunur. Xüsusi əməliyyata Federal Təhlükəsizik Xidmətinin əməkdaşları da cəlb ediliblər. Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən bildiriblər ki, əməliyyat zamanı hadisə yerində narkotikə oxşayan maddə, habelə bıçaq və dəyənək aşkarlanıb.

Yerli mətbuatın xəbərinə görə, şəhərin Kosmonavtlar küçəsi, 134 ünvanında yerləşən "Qulyaki" kafesində kriminal "sxodka" keçirilirmiş. İddia olunur ki, tanınmış azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski Ural regionuna "nəzarətçi" kimi öz adamını - Ağayev Ağayar Hüseyn oğlunu qoymaq istəyib. Kafedə həm bu münasibətlə, həm də Ağayar Ağayevin ad günü ilə əlaqədar mərasim təşkil olunub. Mərasimə regionun kriminal avtoritetlərinin toplaşdığı bildirilir və bu sırada Perveuralskdan gəlmiş Əli adlı "qanuni oğru", Vaqif (Kamışlovo), "Yuqra Cavanşir" və digər avtoritetlərin adı çəkilir. A.Ağayev ad gününü təntənəlin keçirmək üçün Bakıdan da qonaqlar dəvət edib. Məclisdə Nicat Mənalı, Ehtiram və İntiqam Rüstəmov qardaşları ilə yanaşı, meyxana ifaçısı Aqşin və "Oqni Baku" qrupu da iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə