İlhamə Quliyevanın vida mərasiminə kimlər gəldi? FOTOLAR

İlhamə Quliyevanın vida mərasiminə kimlər gəldi? FOTOLAR

Bu gün xalaq artisti İlhamə Quliyevanın vida mərasimi baş tutub. SİA-nın verdiyi xəbərə görə, Rəşid Behbudov adına Mahnı Teatrına ona sevənləri və sənət dostları təşrif buyurub. Onlar arasında xalq artistləri Canəli Əkbərov, Mənsum İbrahimov, Zeynəb Xanlarova, Faiq Ağayev, Səməd Səmədov, əməkdar artistlər Röya, Firuzə İbadova, Aybəniz Haşımova, Cavanşir Quliyev, Elza Seyidcahan, müğənnilər Emil Bədəlov, Ruhi, Xatun, Ayan Babakişiyeva, Elvin Abdullayev, Kamil Cəfərov, aktyor Elşən Orucov, rejissor Kənan M.M. və başqaları qatılıb.

Vida mərasimində jurnalistlərə açıqlama verən sənətçinin oğlu Orxan anası haqda danışıb: "Azərbaycan incəsənətinə ağır itkidir. Mənim üçün də böyük itkidir. Mən valideynimi, arxa-dayağımı itrdim. Bu gün bunu qəbul etmək mənə çox çətindir. Hamımız öləcəyik, geci-tezi var. Kimin alın yazısı hara kimidirsə, oradək yaşayacaq. Anamın vəsiyyətinə gəldikdə isə ailəmizin vəkili var. Bütün vəsiyyətnamələr, hüquqlar ondadır. Hər şeylə o məşğul olacaq. Biz həmişə axşam saat 12-də danışırdıq. Ölümündən bir gün əvvəl isə gecə 11-də bizi yığmışdı. Mən bu söhbəti birinci dəfədir ki, Elgizdən eşitdim. Bəlkə, Elgizin şəxsi fikridir. İnsan rəhmətə gedəndə arxasınca çox söz deyirlər. Onu da qeyd edim ki, anam vəsiyyət etdiyi kimi tabutda dəfn edilməyəcək. Müsəlman aləmində heç kim tabutda dəfn olunmur. Mən də, anam da müsəlmanıq. O, Həcc ziyarətində də olub. Mən də bunu edə bilmərəm. Yerdə qalan nə istəyi varsa, hamısı yerinə yetiriləcək. Bu gündən etibarən anamın yas mərasimi Təzə Pir məscidində baş tutacaq. Bütün cümə axşamları veriləcək".

Xalq artistinin gəlni İlhamə xanımın ölmünə inanmadığını bildirib: "Mən hələ də şokdayam ki, İlhamə xanım həyatda yoxdur. Özümə gələ bilmirəm".

Vida mərasimində iştirak edən mərhum sənətçinin həmkarları ona rəhmət diləyərək ailəsinə baş sağlığı veriblər.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev İlhamə xanım barədə bunları deyib: "İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-cı illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-cı ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub. İlhamə xanım unudulmaz sənətkardır. Onun ölümü Azərbaycan musiqisi üçün ağır itkidir. İlhamə Quliyevaya Cənab Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Allahdan rəhmət diləyir və ailəsinə baş sağlığı verir".

Daha sonra vida mərasimində çıxış edən xalq artistləri Faiq Sucəddinov, Natavan Şeyxova, Yalçın Rzazadə İlhamə Quliyeva ilə bağlı xoş təəsüratlarını bölüşərək Allahdan rəhmət diləyiblər.

Nəzərinizə çatdıraq ki, xalq artisti İlhamə Quliyevanın cənazəsi alqışlarla yola salınıb.

Qeyd edək ki, xalq artisti II Fəxri xiyabanda dəfn olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə