"Robinzon və 9 Cümə” filminin təqdimatı keçirildi FOTOLAR

"Robinzon və 9 Cümə” filminin təqdimatı keçirildi FOTOLAR

Nizami Kino Mərkəzində Gürcüstanın "K Production" kino şirkəti tərəfindən Azərbaycan kinematoqrafçılarının iştirakı ilə istehsal edilmiş "Robinzon və 9 Cümə" bədii filminin təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, təqdimatdan əvvəl mərkəzdə filmin yaradıcı heyətinin iştirakı ilə mətbuat konfransı baş tutub.

Konfransı giriş söz ilə açan filmin quruluşçu rejissoru Georgiy Kikaleişvili öncə Azərbaycanla Gürcüstanın dost əlaqələrinə toxunub: "Azərbaycanlılarla gürcü xalqı daim mehriban münasibətlərdə olub. Biz bir yerdə yaşadığımız günləri xatırlayırıq. Ümid edirəm ki, daim belə mehriban yaşayacayıq. Filmdə iştirak edən sənətçilər Paata Quliaşvili, Vaxtanq Kikabidze, İrakli Pircxalava, Keti Topuriya, Polad Bülbüloğlu, Bəhram Bağırzadə, Manana Caparidze, Nani Breqvadze, Luçiya Luşik, Arçil Meparidze ekran əsərinin yaranmasında xüsusi rola malikdirlər. Polad Bülbüloğlu, Nani Breqvadze, Kaxi Kavsadze kimi əfsanəvi insanlarla işləmək mənim üçün xüsusi zövq idi. Qeyd edim ki, bu əhvalatı mənə dayım danışıb. "Robinzon və 9 Cümə" filmi göstərir ki, uğur hər nə qədər kiçik olsa da ətrafımızdadır. Lentə aldığımız komediyanı ailəvi, hətta övladlarınızla belə izləyə bilərsiniz".

Filmdə rol alan gürcü müğənnisi Arçil Meparidze də ekran əsəri ilə bağlı fikirlərini bölüşüb: "Biz müğənnilər filmdə epizodik rolda oynamışıq. Baş qəhrəmanı yaradan aktyor Paata Quliaşvilinin istedadına heyran qaldım. Onu daha öncədən də tanıyırdım. Amma teatr səhnəsində izlədiyimdə kinoda belə yüksək səviyyədə özünü göstərə biləcəyini bilmirdim. Düşünürəm ki, o, çox peşəkar aktyordur. Şəxsən mən filmi əvvəldən sona qədər böyük maraqla izlədim. Ümumiyyətlə, istər yerli, istərsə də başqa ölkələrin filmlərinə çox tənqidi yanaşıram. Öz layihəmizə də elə baxdım və düşünürəm ki, bu gün yüksək səviyyədə ekran əsəri yaratmaq çox çətindir. Buna nail olduğumuza görə, bütün yaradıcı heyəti təbrik edirəm".

Mətbuat konfransından sonra filmə baxış keçirilib.

Qeyd edək ki, indiyədək Tiflis və Minsk şəhərlərində təqdimatları keçirilən filmin quruluşçu rejissoru Georgiy Kikaleişvilidir. Filmdə Paata Quliaşvili, Vaxtanq Kikabidze, İrakli Pircxalava, Keti Topuriya, Polad Bülbüloğlu, Bəhram Bağırzadə, Manana Caparidze, Nani Breqvadze, Luçiya Luşik, Arçil Meparidze, və başqaları rol alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə