Bu gün Səkinə İsmayılovanın doğum günüdür FOTOLAR

Bu gün Səkinə İsmayılovanın doğum günüdür FOTOLAR

Bu gün muğam ifaçısı, Azərbaycan Respublikasının xalq artisti Səkinə İsmayılovanın doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, xanəndə 4 fevral 1956-cı ildə anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbinin muğam sinfini (1974), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib (1990).

Opera və Balet teatrının səhnəsində əksər muğam operalarında aparıcı partiyaların – Leyli ("Leyli və Məcnun") , Əsli ("Əsli və Kərəm"), Gülbahar ("Gəlin qayası"), Şahsənəm ("Aşıq Qərib") və s. ifaçısıdır.

Səkinə İsmayılova Azərbaycan muğam sənətini dünyanın bir çox ölkələrində - İran, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Vyetnam, Yaponiya, Hindistan, Avstriya, Almaniya, Hollandiya, İsveç, Fransa, Norveç, Danimarka, Macarıstan, Lüksemburq, ABŞ və s. dəfələrlə yüksək səviyyədə təmsil edib. O, ilk dəfə olaraq, qadınlardan ibarət muğam üçlüyü yaradaraq bu kiçik kollektivlə son illərdə bir sıra xarici ölkələrdə çıxış edib.

Təcrübəli muğam ustası rəsmi dövlət və yubiley tədbirlərinin fəal iştirakçısı olmaqla bərabər, son illərdə Heydər Əliyev adına Sarayda və Azərbaycan Dövlət Filarmoniyasında keçirdiyi solo konsertlərlə də tamaşaçılarının rəğbətini qazanıb. Səkinə İsmayılova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Konservatoriyasının müəllimidir. Onun yetirmələri bu gün müxtəlif musiqi kollektivlərində uğurla çıxış edirlər. Prezident mükafatçısıdır.

Qeyd edək ki, Səkinə İsmayılova muğamı qavalla ifa edən ilk qadın xanəndədir.

Bütün xəbərlər Facebook səhifəmizdə