Kərim: “Rəqs etməklə 28800 avro qonorar almışam” MÜSAHİBƏ-FOTOLAR
Müğənni Kərim Abbasovun SİA-ya verdiyi müsahibəni təqdim edirik:
-Yaradıcılığınızda nə yeniliklər var?
-Yeniliklər çoxdur. "Səndən adam olmayacaq" mahnısını artıq efirlərdə ifa etməyə başlamışam. Hazırda iki bəstə üzərində işləyirəm. Biri "Arzular, məndən uzaq arzular", digəri isə "Mənim nazlı yarım" adlanır. İkinci mahnı bir az "çuşka" ritmli musiqidir (gülür). Oynaqdır. Amma yaxşı bəstədir.
-Hər zaman klip kanalının yoxluğundan narazılığınızı bildirirsiz. Belə çıxır ki, Kərimdən yeni klip gözləməyək?
-Yox, gözləyin. Amma biri var ki, ildə üç-dörd klip təqdim edəsən, biri də var ki, bir klip çəkdirəsən. Əgər o, yetərincə nümayiş olunmayacaqsa, o zaman klipi neyləyirəm? Bu, mənə lazım deyil. Sonuncu dəfə "Sevəcəm", "Mənə bir az ondan danış" mahnılarımı ekranlaşdırdım. Amma heç biri efirlərdə kifayət qədər yayımlanmadı.
-2016-ci ildə yeni fotosessiya elətdirəcəksiniz?
-Fotosessiyanı sonuncu dəfə yayda etdirmişdim. İndi maliyyə baxımından vəziyyət çətindir. Keyfiyyətli fotosessiya elətdirmək üçün isə pul qazanmaq lazımdır.
-Sosial şəbəkədə yazdığınız "Əvvəl ifa edərək pul qazanırdım, indi rəqs etməklə qazanıram" fikri səs-küyə səbəb oldu. Bu, həqiqətən də belədir?
-O sözləri zarafatla yazmışdım. Düzdür, ayaqlarımın altı oynamaqdan kəsik-kəsik olub. Mənim sənətim ifaçılıqdır. Rəqs etmək isə hobbimdir. Ancaq elə toy məclisi olub ki, orada oxumağımla deyil, oynamağımla 8000 manat pul qazanmışam. Yeddi il bundan öncə, Rusiyada toy şənliklərindən birində yarım saat oynamaqla 28800 avro qonorar almışdım.
-Bu, o deməkdir ki, toy biznesi daha da zəifləsə, Kərim rəqqaslığa keçəcək?
-Toy biznesi də zəifləyibsə, düzələcək. Bu, müvəqqəti çətinlikdir. İnsanlar bu problemə görə, müğənniləri toya çağırmağa çəkinirlər. Birdən dəvət olunan qonaqlar gəlməz və itirərlər deyə qorxurlar. Hər şeyi zamana buraxmaq lazımdır. Bütün çətinliklər həll olunacaq.
-Son zamanlar şou-biznesdə durğunluq yaranıb. Sizcə, buna səbəb nədir?
-Hər şey toy biznesinin zəifləməsindən asılıdır. Kifayət qədər maliyyə olmayan yerdə heç bir layihəni həyata keçirmək mümkün deyil. Hər sahədə olduğu kimi, incəsənətdə də hələ ki, vəziyyət çətindir.
-Bu yaxınlarda sənətçilərin dövlətə vergi ödəməsi ilə bağlı sorğu keçirmişdim. Köməkçiniz sizin heç bir vergidən yayınmadığınızı söylədi. Doğrudur?
-Bəli. Artıq səkkiz ildir ki, vergi ödəyirəm. Vaxtında ödədiyimə görə mənim adım vergidən yayınan sənətçilərin siyahısında çıxmadı. Anam üzərimə düşən bütün vergilərimi vaxtı-vaxtında ödəyir. Bununla bağlı mənim heç vaxt problemim ola bilməz. Qanun hamı üçün qanundur. Hər kəs qanun qarşısında cavab verməlidir.
-Ölkədə gedən devalvasiya prosesi sizə necə təsir edib?
-Təbii ki, bu proses toy bazarını öldürüb. Bununla bağlı hansı müğənniyə sual versəniz, toyun yoxluğundan şikayət edəcək. Sənətçilərin vəziyyəti kritikdir.










Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB