Almaz Ələsgərova: “Heç toy var ki, qiyməti də düşsün?” MÜSAHİBƏ-FOTOLAR

Almaz Ələsgərova: “Heç toy var ki, qiyməti də düşsün?” MÜSAHİBƏ-FOTOLAR

Əməkdar artist Almaz Ələsgərovanın SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

-Almaz xanım, sizi əvvəllər daha tez-tez efirlərdə görürdük. İndi isə sanki passivləşmisiz. Buna səbəb nədir?

-Artıq çılğınlıq yaşıma uyğun deyil. Amma bilirsiniz ki, zamanında səhnədə dinamikanı mən yaratmışam.

-Repertuarınızdakı mahnıların tərzini dəyişmisiniz. Bu hal sizin indiki ruh halınızla bağlıdır?

-İllər öncə heç kim sırf estradaya uyğun mahnılar oxumurdu. Anam hər zaman ifa etdiyim bəstələrdən narazı olub. İradlar bildirirdi ki, klassik musiqilərə üstünlük verim. Dəlisov mahnılardan əl çəkim. Artıq anamın sözünə əməl edirəm. Belə ki, həzin, sevgidən bəhs edən, necə deyərlər, "ağlamalinskiy" bəstələr oxuyuram (gülür). Son günlər lirik musiqilər qəlbimə yatır.

-İncəsənət dünyasında arzularınızı gerçəkləşdirməyə mane olan problemlər nədir?

-Bilirsiz, arzusuz insan yoxdur. Mən hər zaman istəyirəm ki, bu sənətdə qazanım, uduzmayım. Ancaq çalışıram ki, sənətimlə bağlı yeniliklər edim, layihələr gerçəkləşdirim. Çünki xalqım məni müğənni kimi tanıyıb və sevib. Amma nə isə yaradıcılığımda yenilik etmək istəyəndə alınmır. Ürəyimdən keçirdiyim arzular reallaşmır.

-Şou-biznesdə sizi incidənlər çoxdur?

-Qətiyyən. Məni kim incidə bilər? Elə insan deyiləm ki, kimsə məni incitsin. Çalışıram heç özüm də kiminsə xətrinə dəyməyim. İstəmirəm ki, insanlar mənim haqqımda pis fikirləşsin. Buna görə də, hər zaman münasibəti xoş rəftarlar üzərində qururam. Hamı ilə mehriban olmaq mənim həyat devizimdir. Bunu qəsdən etmirəm, oynamıram. Xoş rəftar mənim içimdən gəlir. Pislik etməyə nə var ki?! Beş günlük dünyadır. Birinə pislik etməkdən, başqasının arxasınca danışmaqdan heç kəs xeyir görməyib.

-Bildiyiniz kimi, ölkədə gedən iqtisadi proseslər müğənnilərin toy biznesinə də təsir edib. Siz necə, bəzi həmkarlarınız kimi toy qiymətinizdə dəyişiklik etmisiniz?

-Heç toy var ki, qiyməti də düşsün (gülür)?! Hələki sakitlikdir.

-Bəlkə toy qiymətinizi açıqlayasız...

-Toy qiymətimi deməyi sevmirəm. Razılaşma yolu ilə el şənliklərində iştirak edirəm (gülür). Qismət nədirsə onu da verəcəklər. İndi hər ölkədə bu vəziyyətdir. Biz dözümlü xalqıq və dözməliyik.

-Sosial şəbəkələrdə tez-tez qızlarınızla şəkillər paylaşırsız, biz də izləyirik. Övladlarınız necədir?

-Şükür, yaxşıdırlar. Allah bütün balaları xoşbəxt eləsin! Övladlarımla nəfəs alıram. Hesab edirəm ki, biz onları dünyaya gətirmişiksə, biz də yaşatmalıyıq. Onu da xüsusi ilə qeyd edim ki, mən onlar tərəfdən rahatam. Heç vaxt mənə əziyyət vermirlər. İndi artıq qızlarım mənə baxır, məsləhət verirlər. Düz yola çəkirlər. Əyri yolda deyiləm a (gülür). Sadəcə səhv hərəkət edəndə onlar məni başa salırlar. Nəticədə görürəm ki, düz deyirlər. Yaxşı ki, mənim belə övladlarım var. Bu da mənim verdiyim tərbiyədən irəli gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə