Əməkdar artist Almaz Ələsgərova "Mən sənsiz" adlı yeni klipinin təqdimatını keçirib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə səbəbkarın özü, müğənnilər Nazim Faytonçu, Kərim Abbasov, aktyor Elçin Məmmədli, rejissor Natiq Novruzov, media nümayəndələri və başqaları iştirak edib.
Tədbirdə Almaz Ələsgərova yeni işi haqqında danışıb: "Əvvəllər yaradıcılığımda daha çox dinamik mahnılara üstünlük verirdim. Bu dəfə isə ənənəmə sadiq qalmadım. Belə ki, "Mən sənsiz" adlı lirik bəstəyə müraciət etdim və onu ekranlaşdırdım. Klip Xızıda və Zeynalabdin Tağıyevin ev muzeyində lentə alınıb. Ekran işində sujet xətti olduqca sadədir. Ümid edirəm ki, 2016-cı ildə ilk dəfə ekranlaşdırdığım klipim baxımlı olar. Klipin ərsəyə gəlməsində də rejissor Natiq Novruzovun əməyi böyükdür. Bunun üçün ona təşəkkür edirəm ki, məni illər sonra klip çəkdirməyə həvəsləndirdi. Onu da qeyd edim ki, Natiq bəzi həmkarlarından fərqli olaraq mənim fikirlərimə önəm verdi".
Tədbirdə söz alan müğənni Kərim Abbasov həmkarına uğurlar arzu edib: "Almaz mənim üçün çox dəyərlidir. Onun qızları ilə də dostam. Onu da deyim ki, illər öncə Almaza şeir yazmışdım. Almazın görkəmini də çox bəyənirəm. Arıqlasa, ona yaraşmaz".
Klipdə rol alan aktyor Elçin Məmmədli ilk dəfə olaraq klipdə rol aldığını deyib: "Uşaq illərimdən Almaz Ələsgərlinin mahnıları ilə böyümüşəm. Almaz xanımın xətrini çox istəyirəm".
Qeyd edək ki, "Mən sənsiz" mahnısının sözləri və musiqisi Tural Bayraməliyevindir. Klipdə rol alan uşaq rejissor Natiq Novruzovun oğludur.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB